Elçin Şıxlı: “Peskovun dediyi rəsmi cavab deyil” | 1news.az | Xəbərlər
Siyasət

Elçin Şıxlı: “Peskovun dediyi rəsmi cavab deyil”

Qafar Ağayev18:02 - 07 / 04 / 2021
Elçin Şıxlı: “Peskovun dediyi rəsmi cavab deyil”

Bu gün bir qrup jurnalist Şuşa şəhərində Rusiyaya məxsus “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.

Bu müraciətin səbəbi Rusiyanın bu məsələ ilə bağlı rəsmi münasibət bildirməməsidir. Bəs görəsən Rusiyada nəyə görə bununla bağlı istintaq başlamayıb?

Məsələ ilə bağlı 1news.az-a danışan tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının sözlərinə görə, Rusiyanın rəsmi reaksiya verməməsinin səbəbləri ondan ibarətdir ki, “İsgəndər M” ancaq Rusiya ordusunun arsenalına aid olan silahdır:

“Özlərinin də bildirdikləri kimi onu kənara satmırlar. Onda bir sual meydana çıxır ki, əgər rəsmən satmırlarsa və bu raketlər ancaq Rusiya ordusundadırsa, onda necə olur ki, Şuşaya atılıb. Əgər “İsgəndər M” raketini ermənilərə veriblərsə, onda belə çıxır ki, Rusiya hər iki şəkildə Azərbaycan eleyhinə öz silahlarından istifadə edib. Bu məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin sözçüsü deyir ki, belə bir şey ola bilməz. Ancaq bu, rəsmi cavab deyil, onun dediyi sözdür. Bizim əlimizdə maddi sübutlar var. Bizimkilər “İsgəndər M” raketinin qalıqlarını hələ mart ayının əvvəllərində aşkarlayıblar, amma dəqiq araşdırmalardan sonra belə bir rəsmi məlumat verilib ki, bu raketlər ancaq Rusiya silahlı qüvvələrində ola bilər. Biz də bununla bağlı Rusiyanın cavabını gözləyirik, biz bilməliyik ki, Rusiya bizə dostdur, yoxsa, yalandan üzümüzə gülüb arxamızdan iş çevirir".

“Bundan başqa, Rusiya əgər sülhməramlı şəklindədirsə, bu hərəkətlər nə deməkdir?” – deyə, sual edən E.Şıxlının sözlərinə görə, Rusiya sülhməramlıları da üçtərəfli bəyannamənin çərçivələrindən kənara çıxaraq, artıq addımlar atıblar:

"Yəni sülhməramlı kontingentin sayı 1960 nəfər olmalıdır, onlar həmin kontingenti aşıblar. Rusiya Müdafiə nazirinin müavini Bulqakov 1 həftə bundan əvvəl Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib. Açılış mərasimində çıxış edən Bulqakov bildirib ki, daha 25 belə modul tipli şəhərcik istifadəyə veriləcək. Hər modul şəhərciyində 250 nəfər varsa, bunu 25-ə vuranda 6250 edir. Bu da Rusiyanın Gümrüdəki hərbi bazasının canlı qüvvəsindən 1000 nəfər çoxdu. Bu nə deməkdir? Yəni Rusiya burada hərbi baza yaratmağı düşünür.

Azərbaycanın Konstitusiyasında xarici ölkələrin hərbi bazasının olması mümkün deyil. Biz də Konstitusiyamızı hələ dəyişməmişik və Rusiyaya belə səlahiyyət verməmişik. Üçtərəfli bəyanata əsasən 1960 nəfər, müəyyən qədər texnika gəlib. Onların əlavə qüvvə yerləşdirməsinin qarşısı alınmalıdır. Sülməramlıların Azərbaycan ərazilərində fəaliyyətinə 5 illik icazə verilib, onlar özlərinə yer edib 5 il də qalmaq istəyirlər. Amma Rusiya bir şeyi unutmamalıdır ki, Azərbaycanda Prezident var. Biz rus qoşunlarının Azərbaycandan çıxarılmasına iki dəfə nail olmuşuq. Birinci dəfə müstəqliyyimizi qazananda, ikinci dəfə isə Qəbələ RLS-i buradan çıxaranda”.

Paylaş:
1577

Son xəbərlər

Bütün xəbərlər