Baş prokurorla Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında görüş olub
Baş prokuror Kamran Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Baş prokurorluqdan 1news.az-a verilən məlumata görə, dost və qardaş ölkələrimiz arasında bugün bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hüquqi əlaqələrin ən yüksək səviyyədə olması məmnunluqla vurğulanıb. Baş prokuror bildirib ki, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələri strateji əməkdaşlıq səviyyəsində olmaqla dünya ölkələrinə nümunədir.
Baş prokuror qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirib.
İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Baş prokuror gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Səmimi qəbula və xoş sözlərə görə təşəkkürünü ifadə edən səfir Erkan Özoral bundan sonrakı fəaliyyətində də ikitərəfli əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.