Əflatun Amaşov: “Rusiya rəhbərliyinin susqunluğu Azərbaycan jurnalistlərini çox narahat edir” | 1news.az | Xəbərlər
Siyasət

Əflatun Amaşov: “Rusiya rəhbərliyinin susqunluğu Azərbaycan jurnalistlərini çox narahat edir”

Qafar Ağayev11:58 - 08 / 04 / 2021
Əflatun Amaşov: “Rusiya rəhbərliyinin susqunluğu Azərbaycan jurnalistlərini çox narahat edir”

Məlum olduğu kimi, dünən bir qrup jurnalist Şuşa şəhərində Rusiyaya məxsus “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.

Bu müraciətin səbəbi Rusiyanın bu məsələ ilə bağlı rəsmi münasibət bildirməməsidir. Bəs görəsən Rusiyada nəyə görə bununla bağlı istintaq başlamayıb?

Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, “İsgəndər” tipli raketlərin başqa ölkələrə verilməsi beynəlxalq öhdəliklərə görə mümkün deyil. O dağıdıcı gücə sahib olan bir silahdır və belə bir silahların Ermənistan ordusuna verilməsi beynəlxalq tələblərə ziddir. Ermənistanla Rusiya arasında əldə edilən razılığa əsasən bu silahlar Ermənistana verilib.

Ə. Amaşovun bildirib ki, “İsgəndər M” tipli raketin Şuşaya atılması Azərbaycan jurnalistlərində böyük narahatlıq yaratdı:

“Ümumiyyətlə, bu raket haradan atılıb? Ermənistan rəhbərliyi 44 günlük müharibə dövründə bununla bağlı bir neçə dəfə açıqlama vermişdi. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan bu silahlarla bağlı açıqlama vermişdi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan jurnalistlərə açıqlamasında “bu silahdan müharibənin əvvəlində istifadə olunsaydı daha yaxşı olardı” – deyirdi. Ermənistanın müdafiə naziri, baş qərargahın rəisi də bununla bağlı müəyyən açıqlamalar vemişdi.

Bizim üçün qaranlıq qalan məqam ondan ibarətdir ki, Şuşada qalıqları tapılan raket Rusiyanın Ermənistana verdiyi “İsgəndər-E” raketi deyil, “İsgəndər M” tipli raketdir. Bu raket isə ancaq Rusiya Silahlı Qüvvələrinin arsenalında ola bilər. Əgər “İsgəndər M” raketi Rusiyanın Ermənistandakı hərbi bazasından atıla bilirsə, bundan mütləq Rusiya Silahlı Qüvvələrinin Cənub dairəsinin rəhbəri xəbər tutmalı idi. Cənub dairəsinin rəhbərliyinin özünün də icazəsi yoxdur ki, həmin silahların atılması barədə təlimat versin, bununla bağlı mütləq Kremlə məlumat verməlidir. Həmin silahın istifadəsi birbaşa Rusiya prezidentinin icazəsi ilə olmalıdır.

Martın 15-də ANAMA-nın əməkdaşları Şuşada təmizlik edərkən “İsgəndər M” raketlərinin qalıqlarını tapdılar. Həmin raketin qalıqları Bakıda yerli və xarici jurnalistlərə nümayiş olundu. Çox təəssüf ki, Rusiya tərəfi bununla bağlı hələ heç bir açıqlama verməyib. Rusiyanın Müdafiə Nazirliyi fevral ayında belə bəyanatla çıxış etmişdi ki, 44 günlük müharibə dövründə "İsgəndər" raketlərindən istifadə olunmayıb. Hətta Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov da jurnalistlərin sualına qeyri-ciddi cavab vermişdi”.

Mətbuat Şurasının sədri bildirib ki, bu məsələdə bir nüans diqqəti cəlb edir:

“Əgər biz Şuşanı azad etməsəydik atılan bu raket haqqında məlumat əldə edə biləcəkdikmi? Bəlkə başqa silahlar da atılıb, onlardan bizim xəbərimiz yoxdur. Cənab Prezident də 44 günlük Müharibə dövründə qeyd etdi ki, Ermənistana Rusiyadan və digər yerlərdən təyyarələrlə silahlar gətirilirdi. Bu silahlar birbaşa döyüş bölgəsinə göndərilirdi. Adi silahlar, avtomatlar gətirilsəydi bunun heç fərqinə varmamaq da olardı. Ancaq “İsgəndər” kimi ağır bir silahın ölkənin rəsmi qurumlarının xəbəri olmadan başqa bir ölkəyə verilməsi və onun müharibədə istifadə olunması nə dərəcədə doğrudur? Rusiya rəhbərliyinin susqunluğu Azərbaycan jurnalistlərini çox narahat edir, biz buna görə də Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət etdik”.

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər