Deputat: “Erməni əsgərlərinin dəbilqəsinin nümayişinə etiraz edənlər Xocalı soyqırımını nə tez unutdular?”
Məlum olduğu kimi, 12 aprel tarixində Prezident İlham Əliyev Bakıda yeni Bulvar ərazisində Hərbi Qənimətlər Parkının açılışını etdi.
Hərbi qənimətlər parkında 44 günlük Vətən müharibəsində ermənilərin qoyub qaçdığı hərbi texnikalar, silahlar, məhv edilən erməni əsgərlərinin dəbilqələri və s. nümayiş etdirilib. Məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanın bu qələbəsini həzm etməyərək müxtəlif təxribatçı addımlar atır. Belə addımlardan biri də ermənilərin Hərbi Qənimətlər parkında məhv edilən erməni əsgərlərinin dəbilqəsinin nümayiş etdirilməsini insan haqlarının pozulması kimi qələmə verməyə çalışmalarıdır. Ermənilərin bu addımını müəyyən qədər anlamaq olar, ancaq sosial şəbəkələrdə məhv edilən erməni əsgərlərinin dəbilqələrinin nümayiş etdirilməsinə etiraz edənlər arasında azərbaycanlılar da var. Bəs görəsən ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları, vəhşilikləri görməzdən gələn bu insanlar niyə müharibədə məhv edilən erməni əsgərlərinin dəbilqəsinin, geyimlərinin nümayiş etməsinə etiraz edir?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Hərbi Qənimətlər Parkının açılışının edilməsinin həm rəmzi və siyasi mənası, həm də beynəlxalq əhəmiyyəti var:
“Bu, dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan Ali baş komandanı, Azərbaycan Silahlı Qüvvələri, xalqımız qalib gəlib. Eyni zamanda bu Hərbi Qənimətlər Parkında nümayiş olunan erməni texnikası, erməni silahları, dəbilqələr Ermənistanın biabırçı məğlubiyyətinin göstəricisidir. Burada çox ciddi başqa bir mesaj var, Azərbaycan Prezidenti Ali baş komandan olaraq dəfələrlə çıxışlarında qeyd edib ki, onun rəhbərliyi altında Azərbaycan Ordusu əslində Paşinyanın deyil, Köçəryanın və Sarkisyanın ordusunu darmadağın edib. Onlar 20 il ərzində Ermənistanda xunta rejimi, guya yenilməz ordu yaratmışdılar. Paşinyan son iki ildir hakimiyyətdədir, iki il ərzində ordu yarada bilməzdi. Hərbi Qənimətlər Parkında nümayiş olunan hərbi texnikanın hamısı Köçəryan və Sarkisyanla bağlıdır. Burada çox ciddi ismarışlar var”
Deputat qeyd edib ki, Azərbaycanda Hərbi Qənimətlər parkının açılışı Ermənistanda çox böyük rezonans doğurub:
“ Köçəryan və Sarkisyan yenidən hakimiyyətə gəlmək eşqinə düşüblər. Özü də revanşistlərin əsas simalarıdılar. Bu, Köçəryana seçki öncəsi çox böyük bir zərbədir. Erməni xalqı gördü ki, Köçəryanın yaratdığı ordunun başına bu iş gəlir. Onun yaratdığı ordu bu gün diz çöküb, kapitulyasiya aktına imza atıb. Azərbaycan Prezidenti hərbi zəfərə imza atıb, indi də Qənimətlər Parkının açılışını etməklə seçki öncəsi Köçəryana çox böyük bir zərbə endirdi”.
E.Nəsirovun sözlərinə görə, sosial şəbəkələrdə Hərbi Qənimətlər Parkında məhv edilmiş erməni əsgərlərinin dəbilqəsinin nümayiş etdirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər:
“Ancaq bunların heç bir əsası yoxdur. Dünyanın bir çox yerində müharibə qalib gələn ölkələr məğlub olan ölkənin hərbi texnikasını nümayiş etdirir. Məsələn, alman faşitləri Belarusun Brest şəhərini yer üzündən silmək istəyirdilər, bu gün Brest qalası turistlərin Belarusa gələn zaman ziyarət etdiyi yerdi. Orada faşistlərin etdiyi bütün vəhşiliklər qorunub saxlanılıb, turistlər gələndə bunu gözləri ilə görürlər. Azərbaycanda da Hərbi Qənimətlər Parkının yaradılmasının məqsədi ondan ibarətdir ki, turistlər gələndə erməni vəhşiliyini, vandalizmini görsünlər, onların necə məğlub olduqlarını görsünlər. Hərbi Qənimətlər Parkı göstərir ki, Azərbaycan ordusu yenilməzdir. Ermənistanda yetişən nəsil də dərs alsın və öz siyasi rəhbərliklərinin avanturist ideyalarının, təşəbbüslərini qurbanı olmasınlar”.
“Hərbi Qənimətlər Parkında erməni əsgərlərinin dəbilqələrinin nümayiş etdirilməsinə etiraz edən azərbaycanlıları anlamaq olmur” – deyə, deputat sözlərinə əlavə edib:
“Ola bilər ki, onların pasportunda yazılıb onlar azərbaycanlıdır. Amma onların azərbaycanlı olması formaldır. Əsas məsələ məzmundadı, mahiyyətdədir. Görünür onlar Azərbaycan adı daşısalar da mahiyyət olaraq azərbaycanlı deyillər, daha çox erməni dəyirmanına su tökənlərdi. Həmin insanlar gözlərinin qarşısına gətirsinlər ki, ermənilər Xocalıda bizim qadınların, uşaqların və qocaların başına hansı müsibətləri gətiriblər. Onlar bir ermənilərin törətdiyi soyqırıma nəzər yetirsinlər, işğaldan azad olunmuş ərazilərimizə baxsınlar, bir dənə daşı daş üstündə qoymayıblar. Bütün bunları görən, bilən insanların Hərbi Qənimətlər Parkı ilə bağlı tənqidi fikirləri çox absurddur. İnsan hüquqlarından danışan bu insanlar necə oldu ki, Azərbaycanın 1 milyondan çox məcburi köçkününün olduğunu unutdular? Ermənilərin törətdiyi Xocalı soyqırımını nə tez unutdular? Vəhşi sözü ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin yanında çox yumşaq səslənir. Ona görə də kimlər ki, Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı tənqidi fikirlər səsləndirirlər, insan hüquqlarının pozulması ilə bağlı fikirlər səsləndirirlər, onlar bir güzgü qarşısında dayanıb baxsınlar ki, onlar doğurdandamı azərbaycanlıdır?”.