Deputat sosial şəbələlərdə onun adından yalan açıqlama yayanlara səsləndi: “Qanun qarşısında cavab verəcəklər”
“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, sosial şəbəkələrdə Hüseynbala Mirələmovun yayılmış videogörüntüləri ilə əlaqədar mənim adımdan hansısa “fikir”lər tirajlanır”.
1news.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov öz “Facebook” səhifəsindən yazıb.
“İddia olunur ki, guya həmin sözlər mənə məxsusdur. Qətiyyətlə bildirirəm ki, mən bu məsələ ilə əlaqədar hansısa fikir və mövqe bildirməmişəm. Bəzi Facebook istifadəçilərinin bu cür saxtakar əməllərini ikrah hissi ilə qarşılayıram” – deyə, deputat fikirlərinə əlavə edib”.
S.Novruzov qeyd edib ki, belə hərəkətlər vasitəsilə barəsində qıcıq yaradılmağa çalışılması ləyaqətsizlikdir və hüquqi məsuliyyət doğurur.
“Belə uydurma məlumatlar yayanlar, qarayaxma kampaniyası aparanlar çirkin əməllərinə davam edəcəkləri halda, qanun qarşısında cavab verəcəklər. Bir daha sosial şəbəkə istifadəçilərini belə ləyaqətsizlərin və saxtakarların ucuz yalanlarına inanmamağa çağırıram”.
Qeyd edək ki, sosial şəbəkələrdə Siyavuş Novruzovun adından Hüseynbala Mirələmovu müdafiə etməsi ilə bağlı paylaşım olunurdu. Paylaşımda "Hüseynbala Mirələmov hər zaman namaz qılır. Məlum videoya gəlincə, həmin katibənin qulaqları yaxşı eşitmir. Hüseynbala müəllim neçə dəfə onu çağırır ki, kompüterin səsini aç. Həmin bacımız da eşitmə əngəlli olduğundan məcbur əli ilə dümsükləyib. Məsələdən şou düzəltməyin" deyilirdi.