Sevinc Fətəliyeva: Co Baydenin səsləndirdiyi fikirlər tarixi gerçəkliklərdən tamamilə uzaqdır
“ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlər tarixi gerçəkliklərdən tamamilə uzaqdır. ABŞ kimi demokratiya, ədalət və insan haqlarını özünün prioriteti elan etmiş dövlətin başçısının bu mövqeyi acı təəssüf doğurur”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi tarixin kobud surətdə təhrif olunması ilə yanaşı, ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına da tamamilə zidd addımdır.
Millət vəkilinin sözlərinə görə, ermənipərəst mövqedən çıxış edən, yaxud qondarma “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan müxtəlif ölkələrdəki bəzi siyasi dairələr də bu uydurma iddiaları dəstəkləyirlər.
" Saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan mərkəzlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ümumiyyətlə, məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır. Bundan başqa, tarixin müxtəlif dövrlərində baş verən hadisələrə diqqət yetirdikdə zaman-zaman əsl soyqırımının məhz ermənilər tərəfindən Azərbaycan xalqına və türklərə qarşı törədildiyi tam aşkar olur. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. Həmçinin, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər".
“Beləliklə, qondarma “erməni soyqırımı” iddialarının tarixi, hüquqi əsasları yoxdur" - deputat fikirlərinə əlavə edib:
"Əsl soyqırımını isə, qeyd etdiyimiz kimi, məhz ermənilər törədiblər. ABŞ Prezidenti Co Baydenin bəhs olunan bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməsi isə tarixin saxtalaşdırılması, ondan siyasi məqsədlər üçün istifadə etmək cəhdi kimi qəbuledilməzdir. Ona görə də bu cür addımlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə və şiddətlə qınanılmalıdır. Tarixi hadisələrlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır. Azərbaycan və Türkiyə erməni saxtakarlığına, yalanlarına qarşı daim birgə mübarizə aparır. Bundan sonra da belə olacaq. ABŞ prezidentinin həmin bəyanatından sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi də həmrəyliyimizin nümunəsidir”.