Rusiyalı deputatlar və ekspertlər Ağdamda Şahbulaq qalasında olublar
Rusiyadan olan deputatlar və ekspertlər Ağdama səfər çərçivəsində Şahbulaq qalasında olublar.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, qonaqlar qalanı gəzib, ərazi ilə tanış olublar.
Onlara ermənilərin ərazini işğalda saxladığı müddətdə apardıqları qeyri-qanuni tikinti işləri ilə Şahbulaq qalasının tarixiliyinə xələl gətirdiyi, Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdaraq qarət etdikləri barədə məlumat verilib.
Qeyd edək ki, heyətin tərkibinə Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan deputatı Oleq Valençuk, Rusiyanın Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyası rəhbərinin müşaviri Sergey Voronin, Liberal Demokrat Partiyasının deputatı Sergey Kalaşnikov, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, jurnalist, yazıçı və publisist, “Den TV”nin aparıcısı Dionis Kaptar, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov daxildir.