Deputat: “Almaniya şirkəti Oxçuçayın çirkləndirilməsində Ermənistanın yaxın ortağı olub”
“Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib”.
Bu barədə 1news.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O, bildirib ki, bu həm işğal altında saxladığı torpaqlarımızda həm də transərhəd çaylarımızda baş verib.
“Cəzasız qaldığı illər ərzində ekoloji terror siyasətini bir sistem halına gətirib və Azərbaycana külli miqdarda ziyan vurub. Şübhəsiz ki, Ermənistanın bu əməlləri öz hüquqi qiymətini alacaq və mütləq cəzalandırılacaq. Ancaq bu məsələnin yalnız bir tərəfidir. Başqa mühüm bir tərəfi isə odur ki, terrorçu dövlət bu cinayəti tək törətməyib və bu işdə Avropadan olan bəzi ölkələrin timsalında özünə cinayət ortağı da tapıb. Məsələn Almaniyanın CRONIMET Holding GmbH şirkəti Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi işində Ermənistanın yaxın ortağı olub. Beləliklə iki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb”.
Deputat qeyd edib ki, başqa vaxt insan hüquq və azadlıqlarından həvəslə bəhs edən hətta zaman zaman qərəzli olaraq Azərbaycanı bu məsələlərdə qınayan Almaniya mətbuatı və höküməti isə nədənsə ona aid olan şirkərin ekoloji terror fəaliyyətinə göz yumur.
“Azərbaycan mətbuatının məsələ ilə bağlı çaldığı həyəcan təbilini eşitməzlikdən gəlir. Almaniyanın Azərbaycandakı səfiri sanki məsələni örtbasdır etməklə ilcimai gündəmdən çıxarmağa çalışır. Bu ölkənin Yaşıllar Partiyası isə ümumyyətlə mövzu ilə bağlı mövqe bildirməyə belə lüzum görmür. Deməli belə nəticə hasil olur ki, Almaniyada demokratiya da, insan hüquqları da, ekoloji siyasət də yalnız almanların mənafeyi baxımından lazımlı olanda əhəmiyyətli olur. Digər hallarda isə Almaniyadan kənarda hətta belə cinayətlərə ortaq olmaq belə pis əməl sayılmır. Bu azmış kimi Almaniya mətbuatı Azərbaycana qarşı çəkindirici vasitə kimi məsələni gündəlikdən çıxarmaq üçün hələ bir informasiya terroru da həyata keçirir. Bütün bunlar Qərbin riyakar siyasətinin bariz nümunələridir. Ancaq Azərbaycan mütləq belə hərəkətlərin qiymətləndirilməsinə və cəzalandırılmasına nail olacaq”.