Fuad Sadıqov: İstənilən fermer əkin sahəsini və heyvanlarını sığortalayıb, hadisə baş verəndə ödənişini ala bilər | 1news.az | Xəbərlər
Müsahibə

Fuad Sadıqov: İstənilən fermer əkin sahəsini və heyvanlarını sığortalayıb, hadisə baş verəndə ödənişini ala bilər

S.Xankişiyeva11:56 - 09 / 07 / 2021
Fuad Sadıqov: İstənilən fermer əkin sahəsini və heyvanlarını sığortalayıb, hadisə baş verəndə ödənişini ala bilər

Ötən həftə Azərbaycanda ilk aqrar sığorta ödənişi həyata keçirilib.

Göygöl rayonunun Üçtəpə kəndində yerləşən heyvandarlıq təsərrüfatında sığortalı iribuynuzlu mal-qara xəstəlik səbəbindən məcburi kəsimə verilib. Təsərrüfatın sahibi olan fermerə 3 min manatdan artıq sığorta ödənişi həyata keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov ilk aqrar sığorta hadisəsi, əkinlərin və heyvanların sığorta şərtləri, qiymətləri və bu sahədə gözlənilən yeniliklərlə bağlı sualları cavablandırıb.

- Fuad müəllim, ilk növbədə ilk aqrar sığorta ödənişinin təfərrüatları barədə məlumat verərdiniz. Təsərrüfatda hansı hadisə baş vermişdi və ödəniş necə həyat keçirildi?

- İlk öncə qeyd edim ki, Göygöl rayonunun ərazisində fəaliyyət göstərən fermer bizə könüllü olaraq müraciət edərək təsərrüfatını, 70 baş inəyi sığortalayıb. Sığorta müqaviləsi 3 illik müddətə bağlandı və sığorta haqqının 50 faizə qədərini dövlət ödədi. Yerdə qalan 50 faizi biz fermerimizə imkan yaratdıq ki, növbəti 2 il ərzində hissələrlə ödəsin. Sığorta hadisəsi bir neçə gün əvvəl baş verdi, bu barədə Fonda məlumat verildi. Qaydalara uyğun olaraq təsərrüfata dərhal müstəqil ekspert göndərildi. Ekspert heyvanı müayinə etdi, məlum oldu ki, sağalması mümkün deyil və məcburi kəsimə verilməlidir. Qərar verildi, heyvan məcburi kəsimə yönləndirildi. Bu zaman heyvanın faydalı ətinin 2000 manat dəyərində olduğu müəyyən edildi və məcburi kəsimdə fermer faktiki olaraq 2000 manat vəsait əldə etdi. Heyvanın isə qiyməti 5000 manat olduğundan biz yerdə qalan 3000 manatı təzminat olaraq iyunun 29-da fermerimizə ödədik. Və beləliklə, bir heyvanın sığortalanmasına 150-200 manat vəsait ödənildiyi halda, fermerimiz bunun qarşılığında 5000 manatdan artıq vəsait əldə edib.

- Aqrar sığorta çərçivəsində hansı heyvanlar sığortalanır və sığorta haqqı necə hesablanır?

- Ümumiyətlə hazırda aqrar sığorta vasitəsilə 14 növ bitkini, kənd təsərrüfatı heyvanlarından isə südlük inəkləri sığortalamaq mümkündür. Yeri gəlmişkən, qarşıdakı aylarda bu siyahı həm bitkilər, həm də heyvanlar üzrə genişlənəcək. Sığorta tarifləri və sığorta haqlarına gəlincə, Aqrar Sığorta Fondu bu barədə daim ictimaiyyəti məlumatlandırır. Heyvanların sığortalanması üçün tariflər 6,1%-9,5% arasında dəyişir. Sığorta haqqının yarısını da dövlət ödəyir. Bu hesabla məsələn, qiyməti 1000 manat olan qeyri-cins heyvanın sığortalanması üçün sığorta haqqı 60 manatdır. Bunun yarısını, yəni 30 manatını fermerimizin yerinə dövlət, qalan 30 manatını fermer özü ödəyir. Bəs hadisə baş verdikdə nə olur? Fermer dərhal Fonda məlumat verir – bu şərtdir. Biz müstəqil ekspertləri hadisə yerinə göndəririk, onlar sığorta hadisəsi harada baş veribsə, orada hadisəni qiymətləndirirlər, hadisənin özünü, səbəbini, dəyən zərəri müəyyən edirlər və rəsmi qaydada fonda təqdim edirlər. Bundan sonra Fond yeddi iş günü ərzində bütün sənədləri emal edib, hazırlayıb sığorta ödənişini həyata keçirir. Yəni, istənilən fermer əkin sahəsini və heyvanlarını sığortalayıb, hadisə baş verəndə ödənişini ala bilər. Bir şərtlə ki, bu sahə və heyvanlar elektron sistemdə qeydiyyatdan keçmiş olsun.

- Bəs bitkilərin, əkin sahələrinin sığortası neçəyə başa gəlir?

- Xatırladım ki, aqrar sığorta vasitəsilə ölkədəki əsas bitkiləri - buğda, arpa, qarğıdalı, çəltik, kartof, pambıq, üzüm, şəkər çuğunduru, çay, tütün, fındıq, portağal, naringi və limon bitkilərini sığortalamaq mümkündür. Sığorta tariflərinə gəlincə, ölkə üzrə bir hektar buğda və ya arpa sahəsinin sığorta haqqı 17-18 manat təşkil edir. Fərz edək ki, bir fermer bir hektardan 1000 manat məhsuldarlıq götürür. 1000 manat məhsulunu sığortalamaq üçün 17 manat sığorta haqqı ödəyir.

- Sığorta haqqı regionlar üzrə dəyişir?

- Bəli, mən sizə orta rəqəmləri deyirəm. Bəzi regionlarda sığorta haqqı daha aşağı – 7-10 manatdır. Fərz eləyək, bir hektar sahənin sığorta haqqı 16 manat edirsə, bunun 8 manatını dövlət, yerdə qalan 8 manatlı fermer özü ödəyir. Hadisə baş verdikdə isə, fermerə o sahədən nə qədər zərər dəyibsə, biz ödəyəcəyik. Məsələn, fermer sahədən 1000 manatlıq məhsul götürəcəkdisə və hadisə nəticəsində 800 manat ziyan dəyib, 200 manatlıq məhsul götürübsə, 800 manatlıq zərəri fermerə ödəyirik.

- Son günlər Azərbaycanın müxtəlif ərazilərində açıq sahələrdə yanğın hadisələri baş verir, taxıl sahələri yanır. Bu sahələr arasında sığortalanan varmı və onlara görə ödəniş ediləcəkmi?

- Qeyd edim ki, artıq sığortalı fermerlərimiz yanğınlarla bağlı bizə müraciət edirlər. Məsələn, Samux və Hacıqabulda buğda, arpa əkən təsərrüfatçılar bizə müraciət edir ki, xırda yanğınlar var. O yanğınlar ekspertlərimiz tərəfindən qiymətləndirilib və yaxın gələcəkdə həmin təsərrüfatlara ödənişlər də veriləcək. Hadisələrimiz təkcə yanğınla bağlı deyil. Bir neçə gün əvvəl İsmayıllıda dolu yağmışdı, Yevlaxda, Aran zonasında isə leysan yağışlar və sel, su basması olmuşdu. Bu hadisələr də ekspertlərimiz tərəfindən qiymətləndirilib və sığortalılarımıza ödənişlər ediləcək.

- Qeyd etdiniz ki, sığortalanan heyvan və bitkilərin siyahısı genişlənəcək. Bura nələr əlavə olunacaq?

- Bəli, Fond tərəfindən hökumətə aqrar sığorta predmetlərinin, yəni sığortalanacaq bitkilərin siyahısının genişlənməsi ilə bağlı təkliflər təqdim edilib. Bu təkliflərə əsasən həmin siyahıdakı bitkilərin 45-ə çatdırılması gözlənilir. İlkin olaraq deyim ki, bura yonca, soya, soğan, demək olar ki, əksər meyvələr, bostan bitkiləri və başqaları aiddir. Sığortalanan heyvanların da siyahısı genişlənəcək. Artıq südlük inəklərlə yanaşı, iribuynuzlıu ətlik heyvanlar və xırdabuynuzlu heyvanların - qoyun və keçi təsərrüfatlarının da sığortalanması mümkün olacaq. Eləcə də arı təsərrüfatları da sığortalana biləcək. Yəni, aqrar sığorta mexanizmi ildən-ilə genişlənəcək və xidmətlərin əhatə dairəsi böyüyəcək.

- Fuad müəllim, fermerlər tərəfindən aqrar sığortaya maraq necədir, iş adamları təsərrüfatlarını sığortalamağa meyllidirlərmi?

- Bəli, bu sahədə əvvəlki illərdə görünməyən aktivlik var. Ötən illərdə həm sığorta müqaviləsinin sayı, həm də yığılan sığorta haqlarının məbləği az olduğu halda, biz bu ilin ilk üç ay ərzində təqribən 12 min hektar əkin sahəsini (əsasən buğda, arpa, üzüm və pambıqçılıq təsərrüfatları) sığortalamışıq. Bundan əlavə, 2 mindən artıq iribuynuzlu heyvan sığortalanıb. İndiyədək ümumilikdə 2 milyon manata yaxın sığorta haqqı toplanılıb. İlin əvvəlindən indiyədək yığılan sığorta haqları isə 1,7 milyon manat təşkil edir. Bunun 1,2 milyon manatı heyvanların sığortasından, təqribən 500 min manat isə əkin sahələrinin sığortasından daxil olub. Bu yaxşı bir göstəricidir və ilin sonunadək onun 3-4 qat artmasını gözləyirik. Xatırladım ki, aqrar sığorta icbari deyil, könüllüdür. Təsərrüfatını sığortalamış şəxslər isə öz qazanclarını və gəlirlərini qoruyurlar.

- Aqrar sığorta sistemi üçün müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması ilə bağlı vəziyyət nə yerdədir və kimlər müstəqil ekspert ola bilərlər?

- Aqrar sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisəsinin ilkin rəyinin verilməsi, qiymətləndirilməsi müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Ölkədə fəaliyyət göstərən aqronomlar, baytarlar, zootexniklər və əlaqəli ixtisasların sahibləri müstəqil ekspert ola bilərlər. Bunun üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar təşkil olunur, o imtahanları uğurla keçən şəxslərə Aqrar Sığorta Fondunda təlim keçilir və Mərkəzi Bank tərəfindən sertifikat verilir. Bundan sonra həmin şəxslər bizimlə əməkdaşlıq edə bilərlər.

- İndiyədək neçə müstəqil ekspert hazırlanıb?

- Namizədlərin sayı 100-ə yaxın idi, 14 nümayəndə imtahanları uğurla başa vuraraq müstəqil ekspert sertifikatı alıb. Bu, ilkin olaraq yaxşı nəticə olsa da, özü-özlüyündə kiçik göstəricidir. Yəni, 14 müstəqil ekspert ölkə miqyasında aqrar sığortanın ehtiyaclarını ödəməyə kifayət etmir. Artıq yeni imtahanlar keçirilir və düşünürük ki, ilin sonunadək bu rəqəmi 50-yə çatdıra biləcəyik. Müstəqil ekspert peşəsi kifayət qədər gəlirlidir. Yəni, ay ərzində hadisələrin qiymətləndirilməsi, sığorta müqaviləsinin bağlanıb-bağlanmaması və rəyinin verilməsi nəticəsində ortalama 800-900 manat vəsait əldə edə bilərlər. Özü də bu şəxslər dövlət və ya özəl sahədə işləyərək, öz əsas iş yerlərin saxlayaraq bu fəaliyyətlə məşğul ola bilərlər.

- Bir qədər əvvəl məlum oldu ki, Azərbaycanda tətbiq edilən aqrar sığorta modelinə başqa ölkələr də maraq göstərir və bu təcrübədən yararlanmaq istəyirlər. Söhbət hansı ölkələrdən gedir?

- Artıq bizim ölkədə tətbiq edilən aqrar-sığorta modeli digər qonşu ölkələrdə də maraq doğurur. Belə ki, artıq Qazaxıstanda, Özbəkistanda bu modellərin tədqıq edilməsinə dair müraciətlər edilir. Bildiyiniz kimi, Azərbaycanda bu sistem Türkiyənin TARSİM modelinin üzərində və bu təşkilatın dəstəyi ilə qurulub. Bu, dünyada kifayət qədər məşhur və uğurlu bir modellərdəndir, hansı ki, dövlət-özəl əməkdaşlığı prinsipləri üzərində formalaşdırılıb. Uğurlu təcrübəsinə görə, ona başqa ökələrin də marağı böyükdür.

Paylaş:
1951

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakı Limanında jurnalistlər üçün Azərbaycanın logistika imkanları mövzusunda təlim keçirilib - FOTO07 / 12 / 2021, 20:00Deputat: “Hər iki güzəşt şəhid ailələrinin, qazilərin sosial təminatının gücləndirilməsinə öz töhfəsini verəcək”07 / 12 / 2021, 19:00Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb07 / 12 / 2021, 18:01Şuşaya yeni sürət yolu çəkilir - AAYDA İdarə Heyəti sədrinin müavini07 / 12 / 2021, 17:58“Bazel” - “Qarabağ” matçının hakimləri açıqlanıb07 / 12 / 2021, 17:56Tələbə krediti üçün müraciət edənlərin sayı açıqlanıb07 / 12 / 2021, 17:47Cavanşir Məmmədov: “Camaatdan pul yığılıb müğənnilərə verilsin!” - VİDEO07 / 12 / 2021, 17:42Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib07 / 12 / 2021, 17:35İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib07 / 12 / 2021, 17:28FHN müharibənin təhlükəli qalıqları ilə bağlı əhaliyə müraciət edib07 / 12 / 2021, 17:21Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verilib07 / 12 / 2021, 17:11Azərbaycanda koronavirusdan ölənlərin sayı 8000-i ötüb07 / 12 / 2021, 17:06Buster doza üzrə vaksinasiya olunanların sayı 1 milyonu keçdi07 / 12 / 2021, 16:44Bu gün 1530 nəfər COVID-19-a yoluxub – STATİSTİKA07 / 12 / 2021, 16:39Azərbaycan filmləri “Netflix”də yayımlanacaq07 / 12 / 2021, 16:37“YAŞAT” Fondunun birillik fəaliyyəti xalqımızın xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir - Vüqar Rəhimzadə07 / 12 / 2021, 16:24Dövlət Sığorta Kommersiya Şirkətinə yeni sədr təyin edildi – SƏRƏNCAM07 / 12 / 2021, 16:04Prokuror Vüqar Səfərliyə cəza istədi07 / 12 / 2021, 16:00Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq07 / 12 / 2021, 15:45Taleh Ziyadov: Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axımının artımı gözlənilir07 / 12 / 2021, 15:08
Bütün xəbərlər

Next TV