“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçın rayonuna səfər ediblər – FOTO
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan məcburi köçkünlər avqustun 3-də doğma Laçın rayonuna səfər ediblər.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səfər zamanı həmin məcburi köçkünləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov müşayiət edib.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 2005-ci il 6 aprel tarixli iddiaları üzrə 2015-ci il iyunun 16-da qəbul etdiyi qərarda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu əksini tapıb. Lakin qərarın qəbulundan altı ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə qoyulan öhdəlikləri yerinə yetirmir, zərərçəkmiş kimi tanınan altı nəfər Azərbaycan vətəndaşına vurduğu mənəvi və maddi ziyana görə təzminat ödəmir. Həmçinin qərara əsasən, cavabdeh dövlət azərbaycanlı qaçqınların və məcburi köçkünlərin hüquqlarının bərpası üçün xüsusi mexanizm yaratmalı olsa da, bu məsələ də Ermənistan tərəfindən icra olunmamaqdadır.
Presedent xarakteri daşıyan bu aparıcı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı beynəlxalq məhkəmə orqanının azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələ ki yeganə sənədidir.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bununla bağlı AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün biz Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsi nəticəsində işğaldan azad edilmiş Laçın rayonuna gəlmişik. Səfərimiz bu rayondan olan məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün işlərə başlanmasının işarəsidir. Məlumdur ki, Avropa Məhkəməsinin qərarı ilə Laçın rayonunun altı sakininin insan hüquqlarının Ermənistan tərəfindən pozulması əksini tapıb. Bu gün birlikdə gəldiyimiz sakinlər həmin qərarda zərərçəkmiş kimi tanınan şəxslər - Çıraqlı, Kamallı və Ağbulaq kəndlərindən olan məcburi köçkünlərdir. Biz həmin şəxslərin doğma evlərinə, daha dəqiq desək, evlərinin qalıqlarına baş çəkməyə gəlmişik. Bununla da Avropa Məhkəməsinin məlum qərarının tərəfimizdən icrası üçün tədbirlərin görülməsi zəruriliyini göstərmək istəyirik”.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məlum qərarının tələblərinin Ermənistan tərəfindən hələ də icra olunmadığını xüsusi qeyd edən Çingiz Əsgərov bildirib: “Həmin qərarla Ermənistan dövləti üzərinə bir sıra öhdəliklər qoyulub. Qərara əsasən, Ermənistan həmin sakinlərə Avropa Məhkəməsi tərəfindən müəyyən edilən təzminat ödəməlidir. Lakin qərarın qəbulundan altı il keçməsinə baxmayaraq, bu təzminat hələ də ödənilməyib. Bundan əlavə, qərara əsasən, Azərbaycanın bütün məcburi köçkün və qaçqınlarının pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etmələri üçün mexanizmin yaradılması barədə də Ermənistan dövləti üzərində öhdəlik müəyyən edilib. Ancaq qərarın qəbulundan ötən müddətdə bu öhdəlik də Ermənistan tərəfindən yerinə yetirilməyib. Biz səfərimizlə göstəririk ki, bu məsələ Azərbaycan dövlətinin diqqətindədir. Bütün istiqamətlərdə hücum siyasəti həyata keçirən Azərbaycan dövləti bu məsələdə də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək və öz məqsədlərinə nail olacaq”.
Səfərdə iştirak edən laçınlı məcburi köçkünlər otuzillik Vətən həsrətindən sonra doğma yurdlarına qayıtmaqdan sonsuz sevinc duyduqlarını bildiriblər.
Avropa Məhkəməsinin qərarında zərərçəkmiş kimi tanınan Laçın rayon sakini Adışirin Çıraqov öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Doğma torpağımıza qovuşmağın yaratdığı sevinc hissini necə ifadə edəcəyimi bilmirəm. Laçını tərk etməyə məcbur qaldığımız ilk gündən daim mübarizə aparmışıq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı çoxlarına məlumdur. Həmin işlə bağlı məhkəmə insan haqları, torpaq və əmlak məsələlərinə dair üç iddiamıza baxıb və 2015-ci ildə xeyrimizə qərar qəbul edib. Biz Ermənistanı üzərinə qoyulan öhdəliyi yerinə yetirməyə çağırırıq. İddialarımız təmin olunana qədər mübarizəmizi davam etdirəcəyik”.
Laçın rayonundan olan digər sakin Elxan Çıraqov doğma yurduna Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində qayıtdıqlarını bildirib: “Otuz il ərzində işğal altında qalan əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın və qəhrəman Ordumuzun sayəsində cəmi 44 gün ərzində düşməndən azad edildi. Bu gün Laçın torpağına qədəm qoyduğumuz üçün sevincimizin həddi-hüdudu yoxdur. Bizim üçün bundan daha gözəl, sevincli gün ola bilməz. Vaxtılə laçınlı Sultan bəy Zabux dərəsində ermənilərin qarşısını kəsib onların layiqli cavabını verib. Vətən müharibəsində isə Azərbaycan Ordusu düşmənə heç vaxt unutmayacağı dərs verdi. Bu anı bizə yaşatdığı üçün Azərbaycan Prezidentinə və Ordumuza dərin minnətdarlığımızı bildiririk. Doğma torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Ermənistanın hüquqi müstəvidə də məğlub olduğunu qeyd edən sakin bildirib: “Bu qərarla biz Ermənistan dövlətinə hüquqi müstəvidə də qalib gəldik. Məhkəmənin bizim xeyrimizə qərar qəbul etməsinə baxmayaraq, Ermənistan həmin qərarın icrası istiqamətində bu günə qədər heç bir addım atmayıb. Buna görə də iddialarımız tam təmin olunana qədər mübarizəmizi davam etdirəcəyik”.
Avropa Məhkəməsinin qərarına əsasən, Ermənistanın azərbaycanlı məcburi köçkünlər qarşısında cavabdeh tərəf kimi tanındığını ifadə edən laçınlı məcburi köçkün Fəxrəddin Paşayev deyib: “İşdə zərərçəkmiş kimi tanınan hər bir ailəyə məhkəmənin qərarı ilə Ermənistan tərəfindən təzminat ödənilməsi əksini tapıb. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu tələbi yerinə yetirməkdən boyun qaçırır. Buna görə də məhkəmə təzminatın ödənilməsinə dair ikinci dəfə qərar qəbul edib. Təəssüf ki, Ermənistan hələ də həmin təzminatı ödəməyib. Biz döyüş meydanında qələbə qazanıb torpaqlarımızı azad etdiyimiz kimi, bu təzminatı da Ermənistana ödətdirəcəyik. Çünki “qisas qiyamətə qalmaz” deyiblər. Bu məsələdə güzəştə getməyəcəyik”.
Vətən müharibəsində qələbədən sonra azad edilmiş torpaqlara qalib xalqın nümayəndələri kimi qayıtdıqlarını vurğulayan F.Paşayev bildirib: “Hər günün öz hökmü var. Bəlkə də bir il əvvəl bu torpaqlara qədəm qoysaydıq, bizə ağır təsir edərdi, çox kövrələrdik. Ancaq bu gün doğma Laçın torpağına qalib dövlətin qalib vətəndaşları kimi məğrur, başı dik qayıtmışıq. Ən önəmlisi budur ki, biz hüquqi müstəvidə də, hərb meydanında da qalib gələn dövlətin vətəndaşları kimi Laçına gəlmişik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Müzəffər Ali Baş Komandanımızı qorusun”.