Şuşa Bəyannaməsi Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətində də mühüm istiqamət oldu - FOTO
Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.
Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
E.Əhmədov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların azad olunmasında qardaş Türkiyə dövlətinin həm beynəlxalq aləmdə, həm informasiya məkanında, eləcə də mənəvi dəstəyi mühüm rol oynadı.
Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevirdi.
Son illərdə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mühüm tədbirlər görülüb, Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etmək tövsiyə olunub. Keçirilən tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddətli qurulmasında Azərbaycanın və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi diqqəti cəlb edir. “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporlarımız arasında əlaqələrin getdikcə möhkəmlənməsi, xüsusilə vahid platformadan çıxış etməsi hər iki dövlətin daim bir-birinin yanında olmasının bariz nümunəsidir.
Biz buna Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, xüsusilə 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahid olduq.
2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.
Bununla yanaşı, Şuşa Bəyannaməsində siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər bütün sahələri əhatə edən birgə əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Sənəd həm tarixi, həm siyasi, həm də hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş şəkildə birgə fəaliyyət də milli maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sənəddə, xüsusilə bildirilir ki, hər iki dövlət müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər. Eyni zamanda, göstərilir ki, tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.
Bu baxımdan, 2021-ci il iyulun 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsindən sonra bu yay Vətəndə olan 24 ölkədən 72 nəfər Azərbaycan diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında Şuşaya səfəri və diaspor nümayəndələrinə bu qədim şəhərin çoxəsrlik tarixi, zəngin mədəniyyət abidələri barədə ətraflı məlumatların verilməsi Şuşa Bəyannaməsinin müddəalarına sadiqliyimizin bariz nümunəsidir.
Ümumilikdə, bu mühüm sənəd iki qardaş və dost dövlətin gələcək çoxşaxəli, birgə fəaliyyət istiqamətlərini təsdiq edir. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında bildirdilər ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır.
Bu baxımdan, Azərbaycan-Türkiyə dostluğu, həmrəyliyi və strateji tərəfdaşlığı həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir.