Deputat: “Antimilli qüvvələr Ermənistandakı revanşistlərin səsləndirdiyi tezislə hərəkət edirlər”
“Ötən ilin sentyabrın 27-si başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan tarixində indiyədək görülməyən parlaq zəfər qazanıldı”.
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, 30 il müddətində Ermənistan tərəfindən işğala məruz qalan torpağımız 44 gün ərzində azad olundu:
“Bunun köklü səbəbləri var. Cənab İlham Əliyevin son 17 ildə güclü və qüdrətli Azərbaycan qurmaq siyasəti uğurla başa çatdı, iqtisadiyyatımız gücləndi, güclü ordu quruldu. Azərbaycanda milli birlik formalaşdı. Bu birlik cənab İlham Əliyevin ətrafında birləşməklə məhz işğala məruz qalan torpaqlarımızı azad etməyimizlə nəticələndi”.
Deputatın sözlərinə görə, Ali Baş Komandanımızın düzgün qurduğu strategiya nəticəsində Azərbaycan silahlı qüvvələri, Azərbaycanın əsgər və zabitləri böyük şücaət nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurdular, düşmən kapitulyasiya aktını imzalamağa məcbur edildi:
“Azərbaycan BMT-nin 4 qətnaməsini öz gücü ilə icra etdi və bununla da həm ədaləti bərpa etdi, eyni zamanda ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezidentimiz Vətən Müharibəsi bitəndən sonra bir neçə dəfə “artıq keçmiş münaqişə tarixin arxivinə qovuşdu” fikirlərini səsləndirib. Azərbaycan yeni səhifə açıb, öz torpaqlarını işğaldan azad edib”.
“Bütün hallarda bəzi anti-milli qüvvələr Ermənistan tərəfindən aldıqları tezislər üzərindən Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirməyə başladılar” – deyə, deputat fikirlərinə əlavə edib:
“Bu qarayaxma kampaniyasında iştirak edənlər vaxtilə torpaqlarımızın işğal olunmasına səbəb olanlardı. Onların satqınlığı nəticəsində torpaqlarımız işğal altına düşdü. 10 noyabr 2020-ci il tarixini Azərbayacn xalqı Zəfər tarixi kimi qeyd etdi, hamımız buna şahidlik etdik. Ancaq bu anti-milli qüvvələr çalışırlar ki, növbəti dəfə öz xəyanətkarlıq, satqınlıq missiyalarını həyata keçirsinlər. Əlbəttə, burada onlar Ermənistanın daxilində revanşist ritorika ilə çıxış edən qüvvələrin göndərdikləri tezis üzərindən çıxış edirlər. Onlar bu münaqişənin bitmədiyini söyləyirlər. Məlum olduğu kimi, bu münaqişə bitib, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanat da bunun sübutudur. Anti-milli qüvvələr çalışır ki, Azərbaycanın parlaq qələbəsinə kölgə salsın”.
C.Osmanov qeyd edib ki, bu gün Azərbaycan dünyada hörmətlə yanaşılan ölkələrdəndir, Azərbaycan xalqı qalib və müzəffər xalqdır:
“Bunları gözü götürməyən qüvvələr yalnız Azərbaycana düşmən qüvvələrdir. Daxilimizdə olan anti-milli, qaragüruh bunun tərkib hissəsidir. Onlar heç bir zaman Azərbaycanın parlaq qələbəsinə inammırdılar, bu gün də bu qələbəni həzm edə bilmirlər. Ermənistana stimul verən bəzi dairələr var, məhz onlar eyni tezis üzərindən Azərbaycana təzyiq etməyə çalışır. Diqqət etsək görərik ki, bəzi qərb dairləri tərəfindən Azərbaycana eyni tezislərlə böhtan atılır, keçmişdə qalmış, tarixə qovuşmuş tezislərdən istifadə edirlər. Bütün bunlara rəğmən onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycanda tarixdə görülməyən milli birlik formalaşıb, bu milli birlik cənab İlham Əliyevin ətrafında birləşib. Prezident İlham Əliyevin ətrafında bu birlik daha güclü olacaq. Vətən Müharibəsi də bunun bir nümunəsidir. İşğaldan azad olunmuş ərazilərimizdə 9 ay müddətində yenidənqurma və bərpa işlərinin miqyası o qədər nəhəngdir ki, Azərbaycanın gücünü, qüvvətini göstərir”.