Deputat: “Prezidentin gərginlik yaşanan bölgələrə getməsi, Ermənistana bir mesajdır”
“44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbə ölkəmizin və xalqımızın həyatında yeni mərhələnin başlanğıcı oldu”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov bildirib. Onun sözlərinə görə yeni mərhələ işğaldan azad olunmuş rayonlarımızın bərpası və 30 ildir yurd nisgili yaşayan həmvətənlərimizin doğma torpaqlara qayıtmasını təmin etməklə bağlıdır:
“Məlumdur ki, son dövrlər Ermənistanın atəşkəsi intensiv şəkildə pozduğu istiqamətlərdən biri Kəlbəcər istiqamətidir. Hətta, İlham Əliyev Kəlbəcərdə olduğu gün belə o istiqamətdə düşmən mövqelərimizi atəşə tutmuşdu. Ali Baş Komandanın gərginliyin yaşandığı bölgələrə getməsi, orada hərbi və mülki yönümlü işlərlə bağlı tapşırıqlar verməsi ərazidə xidmət edən hərbçilərimizə mənəvi dəstək, Ermənistana və onun havadarlarına isə bir mesajdır”.
Deputat əlavə etdi ki, Cənab Prezident Kəlbəcərdə səfər edən zaman çıxışında da bu məqamları xüsusi vurğulayaraq bildirdi ki, “Ermənilərin mifi ondan ibarət idi ki, erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər. Biz bu mifi də darmadağın etdik. Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yəni, bu mif də darmadağın edildi. Erməni əsgəri fəraridir. Növbəti mif isə o idi ki, azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, onlar bu vəziyyətlə barışıblar və əgər otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq. Bu mifi də biz dağıtdıq. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik.Növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan fərarilər ordusunun başını əzərək öz torpaqlarına sahibliyini təmin etdi.
Ayten Sakitqızı