Deputat: “Ermənistan məhz buna görə Beynəlxalq məhkəmələrdə ciddi problemlərlə üz-üzə qalacaq”
“Ermənistanın siyasi rəhbərliyi bir yandan əməkdaşlığa hazır olduğunun fonunu yaradır, kommunikasiyaların açıldığı fonunu yaradır”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat Ermənistanın atdığı addımların regionda əməkdaşlıq mühitinin formalaşmasına ciddi əngəllər yaratdığını bildirib:
“Eyni zamanda regionda hadisələrin daha qorxulu, təhlükəli ssenari üzrə münbit şəraiti təmin edir. Xüsusilə Ermənistanın atdığı son iki addımın üzərində dayanmaq istəyərdim. Birincisi həyasızlığın son həddidir ki, Azərbaycanı irqi ayrı-seçkilikdə, ermənilərə münasibətdə diskriminasiya siyasəti, onlara qarşı soyqrım siyasəti həyata keçirtməkdə ittiham edəsən. Bu ittihamlarla Ermənistan siyasi rəhbərliyi BMT-nin Beynəlxalq məhkəməsinə müraciət edib".
Azərbaycanın Gorus-Qafan yolunu Ermənistanın təxribatına görə bağladığını deyən Elman Nəsirov əlavə edib ki, Ermənistan yenə də Beynəlxaq təşkilatlara müraciət edərək, Azərbaycanı Gorus-Qafan yolunu bağlamaqda ittiham edir.
“Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə etiraf edib ki, bu Azərbaycanın daxili işidir,öz yolunu bağlaya da bilər, aça da bilər. Bütün bunlar da vəziyyətin gərgin olaraq qalmasına yönəlib. Prezident İlham Əliyev dəfələrlə deyib ki, münaqişə bitib, postmüharibə dövrüdür və indi qarşımızda həllini gözləyən digər məsələlər var. Ermənistan siyasi rəhbərliyi isə təxribatçı bəyanatlar verməklə, Azərbaycan əleyhinə Beynəlxalq məhkəmələrə müraciət etməklə, atəşkəsi pozmaqla demək istəyir ki, münaqişə bitməyib, münaqişə həll olunmalıdır”.
Millət vəkilinin fikrincə Ermənistanın bu addımları regionda gərginliyin artmasına yönəlib:
“Bu konteksdə iki məsələni qabardırlar. Birincisi status, ikincisi isə status məsələsini həll etmək üçün ATƏT-in yenidən canlandırılması. Bu qəbuledilməzdir. Prezident dəfələrlə bəyan edib ki, status yoxdur. “Dağlıq Qarabağ” ifadəsi də yoxdur.Var Qarabağ iqtisadi rayonu, Şərqi Zəngəzur iqtisadi rayonu. Bildirim ki, Ermənistanın bütün bu cəhdlərinin heç bir mənası yoxdur. Azərbaycan özünün mühüm təsir mexanizmlərini işə salıb. Beynəlxalq ekspertlər də bu işə cəlb edilib. Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyan hesablanır. Həmin ziyanın dəqiq məbləği bilindikdən sonra Ermənistana təqdim olunacaq. Yaxşı olardı ki, onlar könüllü şəkildə Azərbaycana 30 il ərzində vurduğu maddi və mənəvi ziyanı ödəsinlər.
Belə olmadığı təqdirdə də Ermənistan Beynəlxalq məhkəmələrdə çox ciddi problemlərlə üz-üzə qalacaq. Ermənistanın son təxribatlardan sonra təzminat məsələsi daha da artıb və bu istiqamətdə işlər intensivləşəcək” - deyə, Nəsirov əlavə edib.
Aytən Sakitqızı