Sevinc Fətəliyeva: “Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb”
“Vətən müharibəsi Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb edir. Sentyabrın 27-də müharibənin başlanmasından bir il ötür.
Ötən bir ərzində xalqımız qələbə, zəfər təntənəsi yaşadı, torpaqlarımız erməni işğalından azad olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla şanlı ordumuz, qəhrəman əsgərlərimiz tarix yazdı”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb.
“Minsk qrupu həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslədi, münaqişənin həlli ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdı. Bu dövrdə dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi”.
Millət vəkilinin sözlərinə görə, bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirib, ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq onların rahat yaşamasına imkan verməyib:
“2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar vermişdilər. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladı. Bu, əslində Ermənistanın kapitulyasiyası idi. Biz Azərbaycan xalqı olaraq olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizi böyük ehtiramla anır, qazilərimizə Allahdan şəfa diləyirik”.
S.Fətəliyeva qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.
“Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.
“Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi” – deyə, deputat fikirlərinə əlavə edib: “Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu. Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Azərbaycan dövləti, Prezidentimiz İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış edib. əgər Ermənistan bu təşəbbüslərə qoşularsa, inkişaf edə bilər. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur”.
Ermənistan revanşist əməllərə əl atmağa cəhd göstərərsə, bilməlidir ki, dəmir yumruq yerindədir. Belə cəhdlər onun sonu ola bilər”, deyən millət vəkili vurğulayıb ki, Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentimizə xalqın etibarı və ehtiramı sonsuzdur.
“Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir”.