Azərbaycan xalqı düşmən üzərində Tarixi Qələbə və müqəddəs Zəfərini qazandı - Jalə Əliyeva
“Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”
Bu, Azərbaycan Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına tarixi müraciətindəndir.
Bu müraciətin, bu tarixi sözlərin səslənməsindən, səsləndirilməsindən bir il ötür.
Düz bir il öncə, 27 sentyabr 2020-ci il tarixində təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığına cavab olaraq, Ali Baş Komandan cənab İlham Əliyev səhər saatlarında Rəşadətli Azərbaycan Ordusuna, Silahlı Qüvvələrimizə bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlamaq, “Döyüş, vur!” əmri verdi.
27 sentyabr 2020-ci il tarixə İkinci Vətən Müharibəsinin başlanması, Böyük Qələbə və Tarixi Zəfərə gedən yol kimi düşdü.
Müharibənin elə ilk saatlarında Azərbaycan Prezidenti Azərbaycan Televiziyası (AzTV) vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini etdi.
“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır”- deyən Müzəffər Ali Baş Komandan bəyan etdi ki, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb.
“Bu, erməni faşizminin növbəti təzahürüdür”-deyərək, ölkə Prezidenti birmənalı və qətiyyətli şəkildə mövqeyini ifadə etdi ki, biz haqq yolundayıq, bizim işimiz haqq işidir, biz zəfər çalacağıq!
Tarixi müraciətindən bir neçə saat sonra isə Təhlükəsizlik Şurasının iclasını çağıran Ali Baş Komandan ilk müjdəli xəbərləri dilə gətirdi, çatdırdı, uğurlu əks-hücum əməliyyatı zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulduğunu, həmçinin, əks-həmlə nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edildiyini bəyan etdi.
Eyni zamanda bir daha vurğuladı ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur.
Ancaq biz öz torpağımızda özümüzü müdafiə və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.
Həmin gün, axşam saatlarına yaxın isə ali qanunverici orqanın, Milli Məclisin təcili xüsusi iclası çağırıldı və ölkədə Hərbi vəziyyətin elan olunması ilə bağlı qərar layihəsi qəbul olundu.
Və dərhal Ali Baş Komandan tərəfindən imzalanaraq, hüquqi qüvvəsinə mindi, Bakı şəhəri də daxil olmaqla, ölkənin bir neçə bölgəsində hərbi vəziyyət tətbiq olundu, sentyabrın 28-də isə ölkədə qismən səfərbərlik elan edildi.
Yüzlərlə, minlərlə, on minlərlə Azərbaycan gənci, Vətən sevdalıları valideynləri ilə birlikdə Səfərbərlik xidmətlərinə axışdılar, ata-analar öz övladlarını sevinc göz yaşlarıyla, dualarıyla Vətənin, Qarabağın müdafiəsinə uğurladılar, yola saldılar.
Hamı bir andaca müsəlləh əsgərə döndü, dövlətinin, Ordusunun və Ali Baş Komandanın ətrafında tək yumruq kimi birləşdi.
Ali Baş Komandanın Rəşadətli Ordusu, İgid, Qəhrəman Azərbaycan oğulları, Vətən sevdalıları da ilk gündən, ilk saniyələrdən murdar və alçaq düşmənin başına şimşək, ildırım kimi çaxdı, onu hərbi texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qoydu, işğal altında olan yurd yerlərimizi bir-bir, kəndbəkənd murdar düşmən tapdağından azad etməyə, təmizləməyə başladı.
Talışı, Suqovuşanı, Murov dağının bir neçə yüksəkliyini erməni işğalından azad edən Azərbaycan Ordusu tezliklə Cəbrayılı, Füzulini, Hadrutu, Ağbəndi, Zəngilanı, Qubadlını, Daşaltını, Xocavəndin, Laçının və Xocalının bir neçə kəndini düşmən tapdağından qurtardı, onları yenidən azadlığına qovuşdurdu.
Zəfər dalınca Zəfər, Qələbə dalınca Qələbə yaşandı, yaşatdı Azərbaycan Ordusu, Azərbaycan Əsgəri, İgid, Qəhrəman Azərbaycan oğulları.
Və nəhayət, düz 28 il 6 aylıq həsrətdən, nisgildən sonra, noyabr ayının 8-də göz bəbəyimiz Şuşa işğaldan azad olundu.
1992-ci ilin mayın 8-də bizdən, canımızdan, ruhumuzdan zorla qoparılan Şuşamız 2020-ci ilin noyabrın 8-də öz ruhuna, Azərbaycanına qovuşdu, qovuşduruldu və bununla da düşmənin, onun qanlı havadarlarının beli qırıldı.
Noyabrın 9-da düşmənə növbəti böyük və ölümcül zərbəsini vuran Azərbaycan Ordusu bir qəsəbə, onlarla strateji yüksəklik daxil olmaqla, 72 kəndi işğaldan azad etdi və bundan sonra artıq düşmənin məğlubiyyətdən, geri çəkilməkdən, diz çökməkdən başqa yolu qalmadı.
Elə noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı, səsləndirildi və bununla da 44 günlük İkinci Vətən Müharibəsinə son qoyuldu.
Azərbaycan xalqı düşmən üzərində Tarixi Qələbə və müqəddəs Zəfərini qazandı, onu qarşısında diz çökdürdü, təslim etdi.
44 günlük müharibə ilə həm Qarabağ münaqişəsi başa çatdırıldı, həm də status, status-kvo, cəbhə, təmas xətti cəhənnəmə göndərildi, gorbagor edildi.
Tarixi Qələbəmizdən cəmi bir neçə gün sonra Şuşanın azad edildiyi gün, 8 noyabr “Zəfər Günü” elan edildi, təqvimə salındı.
Həmçinin, bütün dünyanın gözü qarşısında bir daha Azərbaycanın öz gücünü və əzəmətini nümayiş etdirən tarixi 10 dekabr “Zəfər Paradı” keçirildi.
Hər zaman, hər daim yanımızda olan qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə siyasi və hərbi elitası “Zəfər Paradı”nda iştirak etdi.
Hər iki qardaş ölkənin Prezidenti “Zəfər Paradında” tarixə düşəcək nitq söylədi, bütün dünyaya bir daha birgəliyimizi, həmrəyliyimizi, sarsılmazlığımızı nümayiş etdirdilər.
Hər kəs də bundan öz payını götürdü.
Bəli, heç bir Zəfər, heç bir Qələbə itkilərsiz, qansız, Şəhidlərsiz başa gəlmir.
Biz də 44 gündə minlərlə Şəhid verdik, minlərlə, on minlərlə Vətən sevdalımız Vətən yolunda sağlamlıqlarından keçdi, əlil, Qazi oldu.
Hər birinə borcluyuq, hər birinə minnətdarıq.
Nə etsək də, onların borcunu ödəyə bilmərik və bilməyəcəyik.
Müzəffər, Qalib Ali Baş Komandanımız başda olmaqla, hər birinin qarşısında dərin ehtiram və hörmətlə baş əyirik.
Fəxrimiz, Qürurumuz, Dik duruşumuz, Şanımız-Şöhrətimiz, Baş tacımızdırlar!
Müharibənin başa çatması ilə Qarabağın, dağlı-aranlı Qarabağımızın dirşəlidilməsi, cənnət məkanına çevrilməsi yönündə işlərə start verildi.
“YAŞAT” Fondu və “Dirçəliş” Fondi təsis olundu, Milli Məclis tərəfindən ilin sonlarında ilk Qələbə, Zəfər büdcəsi qəbul edildi, yurd yerlərimizin bərpası üçün ilkin olaraq 2 milyard manat vəsait ayrıldı.
Ən əsası Qalib və Müzəffər Ali Baş Komandan ən sadiq silahdaşı Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Qarabağımıza, Füzulimizə, Cəbrayılımıza, Ağdamımıza, Şuşamıza, digər bölgələrimizə tarixi səfərlərini reallaşdırdı.
Hər dəfə də tarixi açılışlar, təməlatmalar yaşandı, tarixi bəyanatlar səsləndirildi.
İki qardaş ölkənin prezidentlərinin birgə imzası ilə tarixi Şuşa bəyannmaməsi-Müttəfiqlik Bəyannaməsi imzalandı və bir daha dünyaya nümayiş etdirildi ki, hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanla Türkiyə qoşa qanad kimi birgə addımlayacaq və qarşılarına keçmək, yollarına çəpər olmaq istəyənləri birlikdə əzib, dəf edib keçəcək, yollarına davam edəcəklər.
Və bir neçə gün öncə isə bu sətirlərin müəllifinin də iştirakçısı olduğu daha bir Zəfər, Qələbə yaşandı.
Şuşamızda Azərbaycanda boyda olan nəhənglərimizin-Vaqifin, Üzeyir bəyin, Bülbülün muzeylərinin, məqbərələrinin, heykəllərinin, büstlərinin açılışı oldu, təxminən 30-31 illik həsrətdən sonra Vaqif Poeziya Günləri bərpa edildi, rəsmi açılış yaşandı.
Bir daha Şuşamızın, cəmi Qarabağımızın Azərbaycana aid olduğu dünyaya nümayiş etdirildi.
Bəli, biz artıq Şuşadayıq, biz artıq Qarabağdayıq!
Qayıtmışıq, oturmuşuq və əbədiyyən də qalacağıq!
Bunu əksi mümkün deyil və mümkün də olmayacaq!
Kimsə və kimsə bir daha Qarabağımızı bizdən ayıra, qopara bilməz və bilməyəcək!
Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!
Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Filologiya elmləri doktoru, professor