Deputat: “Milli ruhda tərbiyə alan gənclər Vətən Müharibəsində qəhrəmanlıq nümayiş etdirdilər”
"90-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazansa da, çox təəssüf ki, o vaxtki siyasi və hərbi rəhbərliyin səriştəsizliyi, həmçinin Ermənistanın havadarlarının dəstəyi ilə torpaqlarımızın bir hissəsi işğal altında qaldı”.
1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Çox sayda şəhid və qazilərimiz olsa da biz torpaqlarımızı işğaldan azad edə bilmədik, əksinə, 1 milyona yaxın məcburi köçkünümüz və qaçqınımız yarandı. Dövlət həmin məcburi köçkün, qaçqın, şəhid ailələrininin, qazilərin sosial rifahını yaxşılaşdırmaq üçün dövlət layihələri həyata keçirməyə məcbur oldu. Həmçinin müstəqilliyini yeni qazanan dövlətin büdcəsinin olmaması və iqtisadi zəifliyi nəticə etibarı ilə ölkənin çox çıxılmaz bir vəziyyətə düşməsinə gətirib çıxardı. Ancaq xalqın təkidi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan Dövlətinin təməlləri atıldı. Azərbaycan demokratik prinsipləri əsas tutaraq, yeni inkişaf xəttinə qədəm qoydu. Ən əsası, Birinci Qarabağ müharibəsi bitdikdən sonra, 1994-cü ildə atəşkəs imzalandıqdan sonra yeni ordu quruculuğuna, nizami ordu quruculuğuna üstünlük verildi. Ulu öndərin rəhbərliyi ilə ordu quruculuğu əsas prioritet sahələrdən hesab olundu. Həmçinin gənclərin yeni ideoloji əsaslarla, milli, vətənpərvərlik ruhunda formalaşdırılması, yetişdirilməsi, tərbiyə olunması, gənclərə sağlam həyat tərzinin aşılanması üçün xüsusi dövlət proqramı həyata keçirildi. Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin sağlam, milli ruhda yetişməsi üçün münbit şərait yaradıldı”.
“Ancaq həmin dövrdə çətin idi, Azərbaycan müstəqilliyini yeni qazanmışdı, torpaqlarının bir hissəsi işğal altında idi” – deyə, deputat fikirlərinə əlavə edib:
“Bütün bu proseslər dövlətin əsas prioritet sahəsi hesab edildi və həmin dönəmdə məcburi köçkün və qaçqınlarımızın həyat tərzini yaxşılaşdırmaq üçün xüsusi dövlət proqramı həyata keçirildi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu işlər uğurla həyata keçirildi. Dövlətimizin iqtisadi potensialı, gücü artdıqca, bu sahələrə diqqət daha da artırıldı”.
Deputat bildirib ki, gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün onlara real nümunələr göstərmək lazım idi.
“Birinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəman zabit və əsgərlərinin şücaətləri, şəhidlərimizin torpaq uğrunda necə şəhid olmaları hər zaman gənclərə aşılanırdı. Gənclərə həmişə ümid verilirdi ki, torpaqlarımız işğaldan azad olunacaq. Cənab Prezident İlgham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu və Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin yerinə yetirilmədiyini, düşmən tərəfindən azərbaycanlılara qarşı soyqırım və hərbi cinayətlər törədildiyini dəfələrlə vurğulamış və bizim status-kvo ilə barışmayacağımızı hər zaman qarşı tərəfə bildirirdi. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu ötən müddət ərzində regiona turistik səfərlər edərək münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verə bilmədi. Biz bu illər ərzində digər beynəlxalq təşkilatların və beynəlxalq güclərin Ermənistana heç bir təzyiq etdiyinin şahidi olmadıq. Əksinə, Ermənistana hər kəs Ermənistana göz yumdu. Bütün bunların fonunda Azərbaycan ordu quruculuğuna çox vaxt ayırırdı. Azərbaycan Ordusunun inventarına müasir dövrün tələblərinə cavab verən texnikalar daxil edilir, zabit və əsgərimizin döyüş hazırlığının yüksək səviyyədə olması üçün onlara hər bir dəstək göstərilirdi”.
“2020-ci ilin yay aylarında biz anladıq ki, düşmən nəinki torpaqları sülh yolu ilə azad etmək, əksinə, yeni zirvələr, ərazilər işğal etmək, Azərbaycan üçün önəmli olan beynəlxalq layihələrin həyata keçirildiyi əraziləri, zirvələri işğal edərək Azərbaycanı daha çətin vəziyyətə salmaq istəyirdi” – deyə, N.Həmzəyev bildirib:
“Ermənistan istəyirdi ki, bu beynəlxalq layihələrin fəaliyyətini dayandıraraq Azərbaycana zərbə vursun. Bütün bunları nəzərə alaraq, Azərbaycan ordusu, Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyev müharibənin qaçılmaz olduğu qənaətinə gəlindi. Ermənistanın yeni təxribatı zamanı onlara cavab verməklə bağlı qərar qəbul edildi. Bunun nə zaman olacağını heç kim bilmirdi. Həmin ərəfələrdə İlham Əliyev ölkə əhalisinə müraciət edərək bildirdi ki, əgər döyüşmək istəyirsinizsə, ordu sıralarına könüllü olaraq yazılın. “Mən nəyi nə zaman edəcəyimi çox yaxşı bilirəm” – deyə, müraciət etdi. Prezidentin müraciətində sonra 50 mindən çox Azərbaycan gənci ordu sıralarına qoşuldu, bu, onu deməyə imkan verirdi ki, gənclərimiz həqiqətən də hərbi vətənpərvərlik ruhunda yetişiblər”.
“27 sentyarbr 2020-ci il tarixində Ali baş komandan İlham Əliyev düşmənin növbəti təxribatının qarşısını almağa və münaqişə olan bütün sərhədboyu ərazilərdə əks-hücum əməliyyatlarının həyata keçirilməsi ilə bağlı əmr verdi” – N.Həmzəyev fikilərinə əlavə edib:
“27 sentyabr Azərbaycan tarixinə Anım Günü olaraq daxil oldu. Döyüşün başlandığı həmin gün hər bir Azərbaycan gəncinin, Azərbaycan vətəndaşının yaddaşındadır. Biz bu günü hər zaman anım günü olaraq qeyd edəcəyik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan uzun ömür, can sağlığı arzu edirik. Əminliklə deyə bilərik ki, 27 sentyabr Azərbaycan tarixində uzun illər gözlənilən bir gün idi. Məhz 27 sentyabr 2020-ci idə Azərbaycan Ordusu əks-həmlə hücumlarına başladı, sürətli olaraq, çətin və keçilməz relyefdə uğurlu hərbi əməliyyatlar həyata keçirə bildi. Ali baş komandanımızın, liderimizin, cənab Prezidentimizin xüsusi qabiliyyəti və şücayəti ordumuzun daha əzmkar olmasına səbəb oldu. Azərbaycan xalqının Ali baş komandanın ətrafında sıx birləşməsi, vətənpərlik nümayiş etdirməsi dəmir yumruğu ortaya çıxardı. Bu dəmir yumruq düşmənin başına elə bir zərbə endirdi ki, düşmən tərəfi çox çıxılmaz vəziyyətə düşdü. Onların uzun illər ayağı qalxması, güc toplaması mümkün olmayacaq”.
Deputat bildirib ki, Azərbaycan 21-ci əsrin müharibəsini edərək, bütün dünyanın hərbi mütəxəssislərini təəccübləndirdi.
“Bu gün dünyanın bir çox yerində olan hərbi akademiyalarda Azərbaycanın döyüş taktikaları öyrənilir. Azərbaycanın 21-ci əsrin müharibəsini edə bilməsi çoxlarında böyük təəccüb yaradır. Biz ordumuzun gücü, şücayəti, texnikalarımızın müasir olması ilə yanaşı gənclərimizdə milli ruhun, vətənpərvərlik hissinin yüksək səviyyədə olmasını xüsusilə qeyd etməliyik. O torpaqları görməyən, Qarabağı foto və videolarda izləyən, xəritələrdə Qarabağın, Şərqi Zəngəzurun harada olduğunu bilən o gənclər, vaxtilə analarının-atalarının qucağında məcburi köçkün olaraq o torpaqlardan gələn həmin şəxslər və onların övladları tankların üzərində, döyüşərək geri döndülər. Onları düşməni qovaraq ərazi bütövlüyümüzü bərpa etdilər. Göründüyü kimi, İlham Əlieyevin dönəmində milli ruhda tərbiyə alan o gənclər qəhrəmanlıq nümayiş etdirdilər şəhidlik zirvəsinə yüksəldilər, qazi oldular. Əlində silah döyüşən gənclərimizlə yanaşı, komputer arxasında informasiya müharibəsinin iştirakçısı olan gənclərimizin də bu müharibədə önəmli rolu oldu”.