“Prezidentin “France-24” televiziyasına müsahibəsi erməni icmasına sərt mesajdır” - Deputat Prezidentin çıxışından danışdı
Ötən gün Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində maraqlı məqamlara toxundu.
1news.az xəbər verir ki, ölkə başçısı çıxışında 44 günlük Vətən müharibəsində qazanılan qələbəmizdən, Ermənistan hakimiyyətinin revanşist siyasətindən, işğalçı ölkənin Azərbaycana qarşı ərazi iddiasından, Qarabağa heç bir zaman muxtariyyətin verilməməsindən, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahidin olmamasından, eyni zamanda 44 günlük haqq savaşında Fransanın bəyanatlarında Azərbaycana qarşı açıq şəkildə ittihamlar irəli sürməsindən, Minsk qrupunun həmsədrlərinin 28 il sürən mənasız danışıqlarından və digər məsələlərdən danışıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov 1news.az-a açıqlamasında bildirdi ki, Prezidentin “France-24” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı qərəzli yanaşma nümayiş etdirən Fransa hakimiyyətinə və bu ölkədə yaşayan fəal erməni icmasına mesaj idi:
“44 günlük Vətən müharibəsi bizə dünya dövlətlərinin Azərbaycana qarşı münasibətini sübut etdi. Reallıq budur ki, biz haqq savaşı apardıq və qalib gəldik. Biz öz torpaqlarımızı işğalçılardan təmizlədik. Bizim nə kiminsə torpağında gözümüz var, nə də ərazi iddiamız. Cənab prezident Heydər Əliyev siyasi məktbini keçib. Bu müharibə ölkə başçısının nə qədər düzgün siyasət apardığını bir daha sərgilədi.
Cənab Prezidentin də dediyi kimi, biz indi hər birimiz çox yaxşı bilirik ki, Fransanın bu müharibədə nümayiş etdirdiyi mövqe, əslində bu ölkədə olan fəal erməni icmasının qərar qəbul edən şəxslərə mümkün təsirindən qaynaqlanır.
Xüsusilə deyim ki, əgər hər hansısa bir ölkə ATƏT-in mandatına sahibdirsə, bu halda bitərəf mövqe sərgiləməlidir. Amma və lakin dünyanın aparıcı dövlətlərindən olan Fransanın qərəzli bəyanatları regionda sülhü, sabitliyi, təhlükəsizliyi dəstəkləməsini sual altına alır”.
Deputat onu da qeyd etdi ki, Azərbaycan artıq bu vərəqi bağlayıb:
"Qeyd edim ki, bu baxımdan bir çox hadisələr geridə qaldı. Prezident də xüsusilə vurğuladı ki, müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmik. Biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olub. Ümid edirik ki, Fransa ədalətli sülhün yanında olacaq və inanırıq ki, Fransa ilə həmişə olduğu kimi dostluq və strateji əlaqələrimiz bundan sonra da davam edəcək"
Aytən Sakitqızı