Ceyhun Bayramov: “Ermənistan tərəfi prosesi ləngidir və bu da lazımsız gərginliyə səbəb olur”
“Azərbaycan beynəlxalq hüquq normaları əsasında öz ərazi bütövlüyünü bərpa etdi və Ermənistan ilə Azərbaycan arasında olan 400 kilometrə yaxın sərhədi də tam nəzarətə götürdü”.
1news.az xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Hazırda sərhədlərin delimitasiya prosesi həyata keçirilməlidir. Azərbaycan bu məsələ ilə bağlı bir neçə dəfə təşəbbüslə çıxış edib, ancaq Ermənistan tərəfi prosesi ləngidir və bu da lazımsız gərginliyə səbəb olur”, - deyə nazir vurğulayıb.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan beynəlxalq hüquq normaları prizmasından çıxış edir, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini rəhbər tutur.
“Hesab edirik ki, Azərbaycan ilə Ermənistan arasında sabit və inkişafa yönəlmiş mühitin formalaşması üçün bu yanaşmanın alternativi yoxdur”.