“Euronews” Anım günü haqqında qərəzli reportajını dəyişdi - 1news.az-ın sayəsində - VİDEO
Belə alınıb ki, ən yeni tarixdə müstəqillik qazandıqdan sonra Azərbaycan düşmən Ermənistanla yalnız döyüş meydanında deyil, həm də informasiya məkanında üz-üzə dayanmalıdı.
Erməni diasporu və lobbisinin cib KİV-i vasitəsi ilə ictimai rəyin idarə edilməsi rıçaqlarını əlində cəmləyərək dünyanın aparıcı ölkələrində hansı qüdrətə və təsirə malik olması heç kimə sirr deyil. Etiraf etmək lazımdır ki, Qərb dünyasının ən aparıcı mediaları praktiki olaraq tamamilə erməni lobbisi tərəfindən nəzarətdə saxlanılır və cəmiyyətə bu KİV-lərin aid olduqları ölkələrin özlərinin deyil, daha çox ermənilərin maraqlarına uyğun əhval-ruhiyyəni aşılayırlar. Gördüyümüz kimi, yaxın zamanlara qədər mövcud erməni-Azərbaycan münaqişəsi və bu iki xalqın münasibətləri haqqında obyektivlikdən uzaq və normal insanın kimin haqq, kimin isə günahkar olduğunu aid edə bilmədiyi çoxsaylı birtərəfli qərəzli reportajlar da məhz bunun nəticəsidir.
1news.az agentliyi Avropanın nüfuzlu “Euronews” xəbər telekanalı tərəfindən sentyabrın 27-də həm Azərbaycan, həm də Ermənistanda qeyd olunan Anım günü münasibəti ilə hazırlanan qeyri-obyektiv, qərəz dolu reportaj haqqında yazmışdı.
Jurnalistikanın bu və ya digər münaqişə vəziyyətlərinin işıqlandırılması zamanı balansın qorunmasına dair fundamental qaydasına zidd olaraq, telekanalın İkinci Qarabağ müharibəsinin başlamasının ildönümü münasibəti ilə “Qarabağda müharibənin qurbanlarının anım günü” adlı təqdim etdiyi videoreportaj, demək olar ki, tamamilə Ermənistandakı hadisələrə həsr olunmuşdu.
Əslində isə dünyanın obyektiv media strukturu adına iddialı olan “Euronews” münaqişə tərəfləri üçün belə həssas mövzunun paritet işıqlandırılmasının qayğısına qalmalıydı.
Amma reallıqda nə gördük? İrəvanın mərkəzində məşəl yürüşü, insanlar əllərində həlak olan yaxınlarının fotolarını tutublar. Aksiya iştirakçıları arasında ön planda hərbi cinayətkarlar, Qarabağ münaqişəsinin səbəbkarları, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi baş verməsində təqsirli olanlar – separatçı qurumun liderləri, sonradan Ermənistan rəhbərliyində yer almış Robert Koçaryan və Seyran Ohanyan dayanıblar.
Kadrarxası mətndə bu günün Azərbaycanda necə qeyd edilməsi barədə bəhs edildikdə kadrlarda yenə də Ermənistanın, erməni analarının qəbiristanlıqlarda övladlarına necə ağlamalarını göstərməyə davam edilməsi xüsusi hiddət doğurur. Azərbaycanlı şəhidlərin analarına isə reportajda ümumiyyətlə heç bir diqqət ayrılmayıb.
Xüsusən də reportaja Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın başçılıq etdikləri hərbçilər kolonnasının yürüşü daxil edilməyib. Hərçənd bu yürüşün iştirakçıları İkinci Qarabağ müharibəsinin şəhidlərinin – yalnız hərbçi deyil, həm də ermənilərin hərbi əməliyyatlardan kənarda yerləşən şəhərlərə atəşlərinin qurbanına çevrilən mülki vətəndaşların və uşaqların portretlərini aparırdılar.
“Euronews”un psevdo-fəallığı nəticəsində avropalı tamaşaçı müharibədə həlak olan övladlarına ağlayan azərbaycanlı ata və anaları görə bilmədi. Bunu özünə “Bizim üçün obyektivlik, bütün mövqelər və bütün nəzər nöqtələri əhəmiyyətlidir” şüarını seçən və bununla yanaşı erməniləri “təcavüz qurbanı”, azərbaycanlıları isə “təcavüzkar” kimi təqdim edən teleşirkətin nümayiş etdirməsi qəribə idi.
Və, budur, 1news.az-ın tənqidi məqaləsi ilə tanış olduqdan sonra, “Euronews”un Azərbaycandakı nümayəndəsi Emin İbrahimov teleşirkətin mərkəzi ofisi ilə əlaqə yaradıb və Azərbaycan cəmiyyətində bu birtərəfli reportajın haqqına doğurduğu narazılığı çatdıraraq, ona dəyişikliklər edilməsinə nail olub. Beləliklə, postfaktum olsa da, bu reportaja Bakıda baş tutan yürüşdən kadrlar əlavə edilib.
Əlamətdardır ki, “Euronews”un baş ofisində reportajın birtərəfliyini etiraf ediblər. Emin İbrahimovun sözlərinə görə, redaksiya tarixi araşdırıb və videonun “Euronews”un standartlarına uyğun olmaması ilə razılaşıb. Reportajda Azərbaycandan daha çox Ermənistan göstərilib, təcrübəsiz prodüser tərəfindən hazırlanıb və onlar, kanalın redaksiya siyasətinə müvafiq olaraq balanslı olması üçün, onu redaktə ediblər
1news.az-la söhbətdə E.İbrahimov qeyd edib ki, “Euronews”un baş ofisi jurnalistikanın əsas qaydalarına riayət edir, yəni bu və ya digər hadisələrin işıqlandırılması zamanı obyektivlik, qərəzsizlik və balanslama prinsiplərini gözləyir. Lakin, görünür ki, erməni-Azərbaycan qarşıdurması barədə informasiyanın daim erməni tərəfinin xeyrinə təhrif olunan rus redaksiyasında vəziyyət başqa cürdür, bununla da E.İbrahimov Qarabağ haqqında hər reportajdan sonra üzləşir və mübarizə aparır.
“Rus redaksiyasının Azərbaycana münasibətdə qərəzi 44-günlük müharibə zamanı üzə çıxdı və mən daim qeyri-dəqiqlik və təhrifləri korrektə etməli olurdum və yalnız efirdə 2-3 dəfə nümayiş olunduqdan sonra zəruri dəyişikliklər edilirdi, amma bu artıq “ilk qaranquş”un uçmasından sonra baş verirdi”, - E.İbrahimov dedi.
““Euronews”un rus redaksiyası ermənipərəst nəzərlərə malikdir. Müharibə zamanı onlar mütəmadi olaraq qərəzli şərhlər verirdilər və buna görə də mən bütün müharibə dövründə öz reportajlarımın rus versiyasının yayımını stress keçirərək gözləyirdim. Uzun-uzadı mərkəzi ofislə yazışmaq, aşkar, bəzən isə ibarəli nitq ifadələri arxasında buraxılışa məsul jurnalistinmi, bütün redaksiyanınmı ermənipərəst mövqeyinin dayandığını izah etmək lazım gəlirdi”, - E.İbrahimov vurğuladı.
O bildirdi ki, dəfələrlə baş ofisə rus redaksiyasındakı həmkarlarından şikayət edib, bunu “özünüz obyektivlik və balanslaşdırma siyasətindən söz açırsınız, lakin rusiyalı həmkarlarınızın reportajları necə efirə vermələrinə bir baxın” deyərək əsaslandırıb. Görünür, rus bölməsi qərəzsizlik, obyektivlik və balanslama prinsiplərindən fərqlənən öz xüsusi məqsədlərini güdür.
Gördüyümüz kimi, pat vəziyyəti yaranıb. Azərbaycana qarşı bu informasiya diversiyasının təşkilatçılarının hər hansı cəza alacaqlarını və belə halların bir daha təkrarlanmayacağını gözləmək sadəlövhlük olardı. Prodüserin “təcrübəsizliyinə” istinad da, elə belə, bəhanədir, axı bu yeganə hal deyil, məsələnin Azərbaycana aid olduğunda axına qoyulan təhrifdir. Odur ki, belə reportajın arxasında həqiqətən nəyin – yalnız təcrübəsizlik, yoxsa müharibədə kimin haqq, kimin günahkar olmasına dair məsələdə yenə də Avropa cəmiyyətini azdırmağa hesablanan məqsədyönlü hərəkətin dayanması barədə düşündükdə, tərəddüd etmədən ikincini seçirsən. Belə diversiyaların buraxılışa görə məsul redaktorlar və prodüserlər üçün heç bir nəticə olmadan yalnız “təcrübəsizliklə” izah olunduğu müddətdə isə onların gələcəkdə də davam etməsini gözləməliyik.
Yalçın Əliyev