Məzahir Əfəndiyev: Müasir dövrün yeni Lideri
2003-cü il oktyabrın 1-də prezident seçkilərində öz namizədliyini geri götürdüyünü bildirən Ulu Öndər Heydər Əliyev xalqımızı Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı.
O, həm İlham Əliyevin, həm də Yeni Azərbaycan Partiyasının bundan sonra da Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı yolunda böyük işlər görəcəyinə inanırdı.
18 il əvvəl 15 oktyabr Azərbaycan üçün xüsusi günlərdən biri kimi tarixə düşdü. Həmin gün keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.
Məhz həmin vaxtdan başlayaraq keçən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.
Fəaliyyətinin ilk illərindən ölkədə dayanıqlı iqtisadiyyatın qurulması, əhalinin rifah halının yüksəldilməsi ilə yanaşı, Cənab Prezident tərəfindən müstəqillik və azərbaycançılıq ideoloqiyasının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşdı, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edildi. Eyni zamanda, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu, ölkənin yeni imkanları beynəlxalq əməkdaşlığı kifayət qədər gücləndirdi, İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” şüarı Azərbaycanın gələcək inkişafını təmin etdi. Bu baxımdan, təsadüfi deyil ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
“Sağlam cəmiyyət güclü dövlət deməkdir” prinsipi ilə həyata keçirilən dövlət siyasəti artıq öz bəhrələrini verib. COVİD-19 virusu dünya ölkələrini çətin vəziyyətə salanda Azərbaycan dövləti vətəndaşlarını müvəffəqiyyətlə qorumağı bacardı. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları da Azərbaycanın qlobal pandemiya dövründə özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf etdilər.
Cənab Prezidentin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlı kifayət qədər faktlar var, belə ki, tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunmağı həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini nəinki sözdə, əməli işdə də dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etmişdir.
Vətən və xalq qarşısında Cənab Prezidentin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər ordunun yaranmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi. Məhz güclü Ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində 30 il işğal altında qalan Azərbaycanı 44 gün ərzində öz ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Son 18 ildə Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır.
Hal-hazırda Doğma Qarabağımızda ölkəmiz tərəfindən təkbaşına sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işlərinin fonunda işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahı bu istiqamətdə mühüm işlər aparır. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yurd-yuvalarından didərgin düşən soydaşlarımız tezliklə öz evlərinə qayıdacaqlar və bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.
Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir və bu da təbiidir, çünki, cəmiyyətimiz Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür.
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı