İran-Ermənistan qardaşlığının iyrənc təzahürü: Narkotacirlik və talançılıq

Bu gün İranın Azərbaycana qarşı ermənipərəst mövqeyi çılpaq şəkildə ortadadır. Halbuki, İran “müsəlmanın ən yaxın dostu elə müsəlmandır” ideologiyasına bürünsə də, nədənsə biz bunun əksini görürük.
Elə götürək 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasındakı iştirakından tutmuş, Cəbrayıl rayonundan keçməklə Ermənistana və Avropaya narkotrafik marşrutu bağlamasına qədər.
Cənab Prezident İlham Əliyev də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bu fakta xüsusilə toxundu. Bildirdi ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.
Bəli, Prezident nəyi harada və hansı formada deməyi çox yaxşı bilir. Biz də bilirik ki, bu faktdır və sübutlar var. İran buna müxtəlif don geyindirməyə çalışsa da, başını bağlaya bilmir ki, bilmir.
Milli Məclisin deputatı Elman Nəsirov məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirdi ki, İran tərəfi 30 ilə yaxın müddətdə narkotiklərin qeyri-qanuni dövriyyəsini işğal altında olan Azərbaycan torpaqlarınıda reallaşdırıb:
“Xüsusilə qeyd edim ki, Azərbaycan torpaqları işğalda olduğu zaman İran bu ərazilərdə narkotiklərin qeyri-qanuni dövriyyəsini çox rahat şəkildə həyata keçirib. Biz faktlarla danışırıq, əsassız və sübutsuz danışmırıq. Torpaqlarımız İran və erməni narkobaronlarının əsas qazanc mənbələrindən birinə çevrilib. Bu halda bu əməli edənlər beynəlxalq məsuliyyət daşıyırlar”.
Politoloq Fərhad Məmmədov da deyir ki, İranın əsl simasi və niyyəti 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra ortaya çıxdı:
“Bilirsiniz, işğal altında olan rayonlarımızın xarabalığa çevrilməsi Ermənistanla İranla hansı səviyyədə əlaqələrinin olduğunu ortaya çıxardı. İran işğal dövründə Qarabağda vətəndaşlarımıza məxsus yaşayış evlərindən tikinti materiallarını və digər əşyaları bu ölkəyə daşımağa başladı. İran Azərbaycanın işğal altında olan torpaqlarında narkotik bitkilərinin əkilməsindən, bəzi rayonlarda torpaqlarda əkin-biçin işlərinin aparılmasından, eləcədə meşələrin qırılmasından milyonlarla dollar qeyri-leqal gəlirlər əldə edib. Bir sözlə demək olar ki, İran tərəfinin bir vaxtlar torpaqlarımızdan əldə etdiyi qeyri-qanuni gəlirlər səbəbindən Azərbaycandan üzr istəmək əvəzinə, hazırda uydurma ittihamlarla çıxış etməsi yolverilməzdir”.
Qeyd edək ki, İranın ümummilikdə narko-ticarətlə məşğul olması təkzibolunmaz faktlarla sübuta yetirilib. Azərbaycan gömrükçüləri tərəfindən 2020-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayına qədər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 46 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 675 kq 418 qram narkotik və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Bəli, Azərbayan 44 günlük Vətən müharibəsində dostlarını da, düşmənlərini də bir daha yaxından tanıdı. Müsəlman həmrəyliyindən dəm vuran, dəfələrlə riyakarcasına ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edən İran təəssüf ki, dost olmadığını göstərdi. Düşmənimizlə əməkdaşlıq edən, ölkəmizə qarşı hörmətsizlik edən, torpaqlarımızın talan olunmasında, narkotrafik kimi istifadə olunmasında iştirak edən bir ölkə heç vaxt dostumuz ola bilməz.