Qərb Azərbaycanda İran şəbəkəsini niyə müdafiə edir? - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Qərb Azərbaycanda İran şəbəkəsini niyə müdafiə edir? - TƏHLİL

19:00 - 20 / 10 / 2021
Qərb Azərbaycanda İran şəbəkəsini niyə müdafiə edir? - TƏHLİL

Biri digərinə “Böyük Şeytan” deyir, digəri “terrora dəstək verən ölkə”.

ABŞ-İran münasibətləri, daha doğrusu, qarşıdurması illərdir qarşılıqlı ittihamlar, hətta müdaxilə ssenariləri üzərindən davam edir və bu gərginlik bir çox hallarda həm Cənubi Qafqazda, həm Körfəzdə, həm də Yaxın Şərqdə regional münasibətlərin “qırmızı xətti”ni təşkil etməkdədir.

Və illərdir Qərb sanksiyaları ilə üzləşən İranın ən böyük düşməninin ABŞ və Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq cəbhə olması təəccüblü deyil.

Təəccüblü, həm də proseslərə fərqli rakusdan baxmağa vadar edən məsələ Azərbaycanda baş verənlərlə bağlı Vaşinqton-Tehran, ümumilikdə Qərb-İran xəttində ortaq mövqeyinin olması, sanki pərdəarxasında ittifaqın olduğuna dair müşahidələrdir.

Şübhəli məqamlar Avropa Şurasında Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) tərəfindən AŞ üçün hazırlanmış hesabata dair dinləmələr hazırlanması fonunda yenidən gündəmə gəldi. Məlum hesabatda iddia olunur ki, “talışlar xalq olaraq Azərbaycan hökuməti tərəfindən tanınmır”, “hökumət talışlara münasibətdə assimilyasiya siyasəti yürüdür”, “Talış” adı qadağa altındadır” və s.

ATİŞ-in rəhbəri Hilal Məmmədov açıq şəkildə İranı dəstəkləyir və xüsusi xidmət orqanları ilə əməkdaşlıqda rəsmi olaraq ittiham edilib. Qərbin İran casusunu müdafiə etməsi suallar yaradır. Və hadisələrin inkişafı təkcə AŞ-yə hesabatın təqdim edilməsindən də ibarət deyil.

Uzaq olmayan 2013-cü ildə H.Məmmədova qarşı İrana casusluq ittihamı irəli sürüləndə onu müdafiə edən Qərbin Azərbaycanda dəstəklədiyi müxalifət qüvvələri oldu. İllər sonra – 2021-ci ildə İranın Azərbaycana qarşı adekvat olmayan hücumları başladığı ərəfədə talış vətəndaşlarımızın belə qəbul etmədiyi “talış kartı” ortaya atıldı.

Burada eyni hədəfə vuran 4 cəbhə var:

- İran: separatizmi Bakıya qarşı kart olaraq istifadə edir;
- Ermənistan: müharibədə məğlubiyyətdən sonra xüsusilə separatizm kartından yararlanmağa çalışır;
- Azərbaycanda bəlli müxalif qüvvələr və onlarla eyni “qazanda qaynayan”, Avropada “mühacir” adı altında şəbəkələşən azərbaycanlılar;
- Və Qərb institutları;

Bütün cəbhələr mərkəzində Ermənistanın xilas edilməsi dayanan İran-Azərbaycan gərginliyi fonunda “qəfil” ortaya atılan separatizm kartına oynadılar. Və Avropa Şurasında dinləmələrə hazırlığın olması bunun davam edəcəyini də göstərir.

Azərbaycanda baş verənlər proseslərlə bağlı qeyri-təbii formada ortaq mövqe sərgiləyən Qərb-İran xətti və bu xətt üzərində qurulan şəbəkə Nardaran hadisələrindən sonra da aktiv fəaliyyət göstərirdi.

Nardaran hadisələri: 2015-ci ildə Azərbaycanda konstitusiya quruluşunu devirmək istəyən İrana bağlı şəbəkəyə qarşı hüquqi çərçivədə atılan addımlar Qərb tərəfindən qəribə etirazla qarşılandı.

- “Human Rights Watch” təşkilatı Nardaranda 2 polis əməkdaşının ölümünə görə məsuliyyəti polisin üzərinə qoymağa çalışaraq, “Müsəlman Birliyi Hərəkatını” müdafiə etdi və iddia etdi ki, polis reydi “qeyri-aydın və mübahisəli şəraitə görə zorakılıqla nəticələnib”.

- “Amnesty İnternational” “Nardaran işi'” ilə bağlı bəyanat verərək Taleh Bağırzadə və daha 17 nəfərin azadlığa buraxılmasını tələb edib.

- Norveçin dini azadlıqlara dəstək təşkilatı olan “Forum 18” Taleh Bağırzadəni “vicdan məhbusu” kimi tanıyıb.

- Qərbdə müəyyən dairələrin dəstək verdiyi Milli Şura Nardaran hadisələrinə görə hakimiyyəti ittiham etdi: sonrakı proseslərdə AXCP dini kəsimi ələ almaq üçün bütün mitinqlərində onlara xitab edirdi.

- Eyni şəbəkə Gəncə hadisələrində də İrana bağlı qrupların müdafiəsinə qalxdı.

- 2019-cu ildə may ayında ABŞ-ın Beynəlxalq Din Azadlıqları Komissiyası (USCIRF) özünün sayca 20-ci illik hesabatında Azərbaycanda “şəriət rejimi” qurmaq istəyən və “Hizbullah” ideologiyasının daşıyıcıları olanları müdafiə edərək, “dini etiqad azadlığı pozulur” iddiasını irəli sürdü: hesabatda Gəncədə şəhər icra hakimiyyətinin başçısına sui-qəsddən “anlaşılmayan hadisə” olaraq bəhs olunur, Nardaran hadisələrini törədən və dünyəvi quruluşu “şəriət rejimi” ilə əvəzləmək istəyən “Müsəlman Hərəkatı Birliyi”nin üzvlərinin həbsi tənqid olunur, onlardan “vicdan məhbusu” deyə bəhs edilirdi;

- Bu hesabatdan bir neçə ay sonra İranın İraqda əsas silahlı qruplaşması olan “Həşdi əş Şəəbi”nin hədəfləri bombalandı. Qruplaşma sədrinin müavini Əbu Mehdi Əl-Mühəndis “Həşdi əş Şəəbi”ni bombalayan dronların İsrailə məxsus olduğunu və Azərbaycandan havaya qalxdığını iddia etdi. Bu iddia İran mediası, o cümlədən, Tehrana bağlı İraq nəşrləri tərəfindən tirajlandı. Ardınca Qərbdə erməni lobbisinin təsirində olan nəşrlər – misal üçün, “The Guardian” Mühəndisin açıqlamasını yaydı, daha sonra Ermənistan mediası “Guardian”ın xəbərini “fakt” kimi tirajladı.

- Həmin ərəfələrdə Avropadakı şəbəkə - Leyla Yunus Tale Bağırzadə və “Müsəlman Birliyi Hərəkatı”nın üzvləri, eləcə də Gəncə terrorunu törədənlərin də daxil olduğu “Azərbaycanda 119 siyasi məhbus” hesabatını hazırladı: hesabat Qərb institutları və Milli Şura tərəfindən “mənbə” olaraq istifadə edildi.

Qumda təhsil alan və birbaşa “Hizbullah” ideologiyasının daşıyıcısı olan Tale Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Hərəkatı Birliyi” Azərbaycanda “şəriət rejimi” qurmaq istədiklərini açıq şəkildə bəyan ediblər. Bu qruplaşmanın dövlətə qarşı terror çağırışlarını görmək üçün məxfi qrifləri qaldırmağa ehtiyac yoxdur, sosial şəbəkə və mediada bununla bağlı kifayət qədər faktlar var.

Bağırzadənin məşhur və məlum səs yazısı da hər şeyi çılpaqlığı ilə təsdiqləyir.

“Azərbaycanda İranda, Livanda və başqa yerlərdəki təki islamçılıq zəifdir. Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə, onlara demişik ki, Ayətullah Xamneyi ağamızdır, “qırmızı xətt”imizdir, ona toxunmasınlar… Biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meylliyik. Əsla. Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın… Əslində onlar bizə yox, biz onlara lazımıq. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq”, - Azərbaycanda “Hizbullah” modelini yaratmaq istəyən Bağırzadə deyirdi.

Dövlət Nardaranda konstitusiya quruluşunu devirməyə hesablanmış terror cəhdi neytrallaşdırdı və bununla İranın Azərbaycanda “dini anklav” planının qarşısını aldı.

İranda T.Bağırzadəni hazırlayanlar üç il sonra – 2018-ci ildə Gəncədə radikal hücum taktikasına əl atdı: Gəncədə sui-qəsd planını İranda fəaliyyət göstərən “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstənin lideri Tohid İbrahimbəyli hazırlamışdı. İranın dini dairələrinə bağlılığını gizlətməyən bu şəxs uzun illərdir Azərbaycanda dünyəvi quruluşun dəyişdirilməsi istiqamətində çağırışlar edir. Gəncə hadisələrindən öncə ABŞ mediasında da “Azərbaycanda terror olması” ehtimalı ilə bağlı materiallar yayımlanmışdı və bu ehtimal reallaşdı.

Bütün bunlara rəğmən, Qərb İrana bağlı şəbəkələri müdafiə edir, onları “vicdan məhbusu” adlandırır.

Və təkzibedilməz faktlar o sualı ana planda ortaya çıxarır: bütün məsələlərdə və coğrafiyalarda İranla kəskin qarşıdurma yaşayan Qərb niyə yalnız Azərbaycanda Tehranın şəbəkəsinə bu qədər dəstək verir?

Bu sualın cavabını qlobal və daxili hədəflərdə tapmaq mümkündür.

Qlobal hədəf, kommunizmə qarşı mübarizədən qalma plan:

1979-cu ildə baş verən İslam İnqilabının elə Qərb qüvvələri tərəfindən həyata keçirildiyi, Tehranın dini rejiminin hələ də “gizli missiyaya” sadiq qaldığı haqda məlumatlar var.

ABŞ 1953-cü ildə İranın seçki yolu ilə seçilmiş ilk baş naziri olan Məhəmməd Mosaddıqı nefti milliləşdirdiyi üçün devirdi və Pəhləvilərin mütləq hakimiyyəti bərpa edildi. Bu çevriliş planını CİA agenti Kermit Ruzvelt (ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin nəvəsi) təşkil etmişdi və beləliklə, tarixə ilk “rəngli inqilab” olaraq düşdü. Şah rejimi Qərbin istəyinə uyğun hərəkət etsə də, 1970-ci illərdə vəziyyət dəyişdi. OPEC-in güclənməsi ilə İranın gəlirləri artdı və güclü ordu yaradan Pəhləvi hakimiyyəti regionda müstəqil oyunçu olmaq istiqamətində müəyyən addımlar atdı. Xüsusilə neft qiymətinin Qərbin maraqlarına uyğun müəyyənləşdirilməməsi şahı “dar ağacına” aparan səbəblərdən idi. Başqa bir səbəb isə onun ölkədə sosialyönümlü layihələri sürətləndirməsi və qonşuluqdakı sosializm SSRİ-nin İran üçün alternativ rolunun güclənməsi idi. İranda “rəngli inqilab” təcrübəsinə malik olan ABŞ bu dəfə tam fərqli yol seçdi: hakimiyyətə dini rejim gətirildi.

İranda 1979-cu il İslam İnqilabı ilə vaxtilə Şahın əleyhinə çıxdığı üçün sürgündə olan Ruhullah Xomeyni Fransadan Tehrana qayıtdı. Onun Avropa ölkəsindən İrana inqilab lideri olaraq dönüşü, ardınca Qərbə qarşı düşmən mövqe sərgiləməsi suallar yaradırdı. Hərçənd, dünyanın siyasi sistemində Xomeyninin hansısa məxfi razılaşmalar olmadan, özü də Avropa ölkəsindən İrana lider olaraq dönüşü mümkünsüz idi və burada onun Vaşinqtonla məxfi yazışmaları yada düşür. Konkret sənədlərə əsaslanan bu faktlar Xomeyninin hakimiyyətə gəlişində heç bir ilahi qüvvənin rol oynamadığını, əksinə, sonradan “Böyük şeytan” adlandıracağı Birləşmiş Ştatların əməyi aydın görünür. İnqilabdan sonra İranın ABŞ-a qarşı sərt mövqeyi, xüsusilə amerikalı diplomatların girov alınması Vaşinqtonla Xomeyninin məxfi yazılaşmaları fonunda fikirləri qarışdırır. Bəzi ekspertlər hesab edirlər ki, inqilabdan sonra ABŞ-ın Yaxın Şərqdə atdığı bütün addımlar İranın yolunun açılması ilə nəticələnib və bu əslində məxfi razılaşmaların nəticəsidir, bəzilərinə görə isə, Xomeyni sadəcə olaraq amerikalıları inandırdı, sonra onlarla razılaşmanı pozdu. Həqiqət hələ də tam açılmayıb, lakin o həqiqətdir ki, İran inqilabı dövründə Qərb üçün SSRİ-nin sərhədləri dibində dünyəvi və getdikcə Moskvaya ilıq münasibət sərgiləyən Şah rejimindənsə, kommunizmin yayılmasının qarşısında sədd olacaq radikal dini rejim daha münasib idi. Xomeyninin hakimiyyətə gələndən sonra İranda, xüsusilə Cənubi Azərbaycanda sol hərəkatının məhv edilməsi də diqqəti bu ehtimal üzərinə çəkir.

Bu, SSRİ-yə qarşı məşhur mühasirə planının bir hissəsi idi. SSRİ dağılıb, lakin onun yerində qalan Rusiyaya qarşı Qərbin eyni dini taktikadan istifadə etdiyi məlumdur: buna Rusiya sərhədlərində “qeyri-sabit aypara” strategiyası da deyilir.

Və bu qlobal oyunda Cənubi Qafqazda İrana bağlı radikalizmin dəstəklənməsi Qərbin (ABŞ-ın) uzaqmənzilli hədəflərinə hesablanıb.

Siyasi İslam: Qərb İrana bağlı şəbəkəni bu tezis altında birləşdirir. Və bu prosesdə İranın dini-kelrikal dairələri, Azərbaycanın “liberal müxalifəti” və Qərb instituları birgə işləyir.

Bu prosesdə köməkçi suallardan biri də budur: Hollandiyada yaşayan Leyla Yunus niyə İranın dini-klerikal dairələrinə bağlı şəbəkəni bu qədər müdafiə edir?

Cavab yenə Azərbaycanda “siyasi İslam” planında gizlənib. Azərbaycanda siyasi islamın araşdırılması layihələrini maliyyələşdirən Fridrix Ebert Fondu ölkəmizdəki fəaliyyəti boyunca əsasən AXCP-yə yaxın təşkilatlara maliyyə yardımı edib. Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri olmuş Rəşad Hüseynli AXCP-nin keçmiş üzvü idi və sonradan o, Soros Fondunun idarə heyətinin üzvü seçildi.

Nə təsadüf ki, kitabın nəşr olunduğu tarixdən bir il sonra – 2005-ci ildə AXCP dinin siyasiləşməsi istiqamətində ciddi fəaliyyətə başladı. Avropada ultra-liberalizmi dəstəkləyən cəbhəçilər həmin illərdə “Ya Hüseyn” şüarlarına büründülər. 2013-cü ildə Milli Şura təsis edilərkən Azərbaycan İslam Partiyasının şuraya transferinə cəhd edildi, bununla yanaşı, Nardaran hadisələrinin təşkilatçısı olan “Müsəlman hərəkatı birliyi”nin rəhbəri Tale Bağırzadə şuraya üzv seçildi. 2015-ci ildə Nardaran hadisələrində “Müsəlman hərəkatı birliyi”nə ən çox dəstək verən siyasi təşkilat da AXCP idi. Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı dövlətə qarşı açıq terrora çağırış etdiyi üçün hətta həbs olundu. 2018-ci ildə Gəncədə eyni prosesin davamı olaraq törədilən terror aktında ekstremistləri müdafiə edən yenə Əli Kərimli oldu. Və bu gün də eyni xətti israrla davam etdirən AXCP sədri ekstremistləri “siyasi məhbus” adlandırır. Görünür, Milli Şura Qərbin Azərbaycanda siyasi İslamı nəzarətdə saxlamaq missiyasını həyata keçirir.

Və burada məsələnin daxili hədəfi ortaya çıxır: Azərbaycanda dini müxalifət planı;

2019-cu ildə İrana bağlı şəbəkəni “vicdan məhbusu” elan edən ABŞ-ın Beynəlxalq Din Azadlıqları Komissiyasının (USCIRF) hesabatı NDI (National Democratic İnstitute, Milli Demokratiya İnstitutu) tərəfindən hazırlanmışdı: hesabatda ABŞ hökumətinə tövsiyə edilirdi ki, “inanc azadlığını qrant kateqoriyasına və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyət sferasına daxil etsin, Milli Demokratiya Fondu Azərbaycanda dözümlülük və din azadlığına dair vətəndaş cəmiyyəti proqramlarına qrantlar ayrılmasına sövq edilsin”.

NDİ-nin Azərbaycanda fəaliyyət tarixçəsi və missiyası məlumdur və bu, hizbullahçıların “vicdan məhbusu” elan edilməsinin dini müxalifət planının tərkib hissəsi olduğu ehtimalını bir qədər də gücləndirir.

Qərbin burada iki mümkün məqsədi ola bilər:

Birincisi, Azərbaycan hakimiyyətinə bu yolla təzyiq etmək;
İkincisi, “yoxa çıxan” müxalifəti dini qruplar vasitəsilə diriltmək;

Bütün bunlar təsdiq edir ki, Qərb maraqları tələb edəndə “böyük düşməni” hesab etdiyi İrana dəstək verir, o cümlədən, İran “böyük şeytan” adlandırdığı Qərblə əməkdaşlığa gedir. Avropa Şurasında İran casus şəbəkəsinin hazırladığı hesabatın gündəmə gətirilməsi bunun bariz nümuələrindən biridir.

İranla əməkdaşlıq edən təşkilat və dövlətlərin sanksiyalarla üzləşdiyi halda, Ermənistanın hərbi-texniki və kəşfiyyat da daxil olmaqla bütün sahələrdə Tehranla əməkdaşlığına göz yumulması da bundan xəbər verir. Maraqları tələb etməsəydi, Qərb Paşinyanın “İran təranələri”nə oynamasını qəbul etməzdi.

Mənbə publika.az

Paylaş:
384

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər