Deputat: “Prezident Qubadlıya səfərində kifayət qədər mesaj verib “
“Dövlət başçısının işğaldan azad olunmuş rayonların azad olunduqları günün ildönümündə həmin rayonlara səfərləri, bölgənin sakinləri ilə görüş keçirməsi, tikinti quruculuq işləri ilə bağlı göstərinə baxış keçirməsi çox əhəmiyyətlidir”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib. O, bildirib ki, Dövlət başçısı görülən və görüləcək işlərlə bağlı Qubadlı sakinləri ilə söhbətlər apardı, onların da fikir bildirməsini istədi.
“Dövlət başçısı tərəfindən Qubadlının strateji əhəmiyyəti vurğulandı. Hərbi strategiya baxımından desək, Qubadlının işğaldan azad olunması Laçının işğaldan azad olunmasına hesablanmış addım idi, eyni zamanda Laçın koridoruna nəzarətin ələ alınması idi. Dövlət başçısının səfərlər zamanı söylədiyi fikirlər əminlik yaradır ki, Qubadlı şəhərində də tikinti-quruculuq işləri qısa zaman kəsiyində başa çatacaq. “Qubadlı” Yarımstansiyasının təhvil verilməsi göstərir ki, Qubadlı rayonunun enerji təminatı uzun müddətə hesablanıb. Eyni zamanda yolların çəkilişi, “Ağıllı şəhər” konsepsiyası çərçivəsində layihələrin həyata keçirilməsi baxımdan önəmli söhbətlər aparılıb”.
Deputat bildirib ki, Prezident Qubadlıya səfərində qarşı tərəfə də kifayət qədər mesaj verib.
“Prezident səfər zamanı Azərbaycan Ordusunun gücünə də toxundu. Dövlət başçısı söhbət zamanı “Azərbaycan Ordusu daha da güclənib, müasir silahlarla təmin olunub, biz hər zaman sülhün tərəfdarıyıq. Lakin, Azərbaycanın ərazi bütövlüyünə qarşı hərhansı bir təhdid görülərsə, ərazi bütövlüyünə qarşı hər hansı bir addım atılarsa, Azərbaycan əvvəlki kimi öz mövqeyini kəskin şəkildə bildirəcək” – dedi. Prezidentin bu səfərləri göstərir ki, işğaldan azad olunmuş ərazilər hər zaman dövlət başçısının diqqətindədir. Orada quculuq işləri zamanı kor-koranə addım atılmayacaq, yalnız planda nəzərdə tutulmuş qaydada, müasir standartlara cavab verəcək şəkildə quruculuq işləri aparılacaq. Həmin bölgənin sakinləri də qayıdıb orada həyatlarını davam etdirəcəklər. Eyni zamanda işğaldan azad olunmuş rayonlarda məşğulluq məsələsi ilə bağlı artıq indidən fikirləşilir. Bu da gələcəkdə orada yaşayacaq sakinlərin işsizlik problemleminin ortadan qaldırılmasına gətirib çıxaracaq”.
A.Məmmədov deyib ki, dövlət başçısı hava şəraitindən, çətin relyefdən aslı olmayaraq işğaldan azad olunmuş rayon və şəhərlərə səfər edir.
“Prezident bu bölgələri mütəmadi olaraq diqqət mərkəzində saxlayır. Eyni zamanda bütün dünyaya mesaj verir ki, torpaq sahibi çətin relyefdən asılı olmayaraq, havanın kəskin dəyişməsinə baxmayaraq ziyarətləri davam edir. Eyni zamanda, Prezidentin və birinci xanımın işğaldan azad olunan rayonl və şəhərlərin ərazilərin azad olunmasının ildönümündə səfər etməsi ənənə halını alıb. Dövlət başçısı rayonun gələcək inkişafı baxımından həmin rayonların sakinlərinin də fikirlərini öyrənir. Bu istiqamətdə də aidiyyəti qurumlar öz işlərini görürlər”.
“İndiki zamanda işğaldan azad olunmuş rayonlara getmək çətindir” – deyə, deputat əlavə edib:
“Amma Prezident heç bir çətinliyə baxmadan səfərlərə davam edir. Prezident və birinci xanım bu ilin avqust ayında Kəlbəcərə də səfər etmişdi. Murov yolu ilə, Ömər aşırımı aşaraq, 3300 metr yüksəkliyə torpaq yolla, maşın sürərək getməsi həm oranın sakinlərinə hörmət olaraq, həm dünya dövlətlərinə, həm də qarşı tərəfə mesaj idi. Bütün çətinlikləri, maneələri aşaraq işğaldan azad olunmuş bölgələrin inkişafı üçün öz töhfəsini verir. Ermənistan tərəfi İlham Əliyevin bu mesajlarını anlaya bilsə, o zaman bölgədə sülh təmin olunacaq. Ermənistan anlamalıdır ki, sülh onlar üçün də xeyirdir, bununla Ermənistanın inkişafına zəmin yaranacaq”.