Azərbaycan və Türkiyə prezidentləri Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər - FOTO - YENİLƏNİB
Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.
13:35
Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.
1news.az xəbər verir ki, rəsmi açılış mərasimində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
***
Saat 13:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Füzüli Beynəlxalq Hava Limanına enib.
1news.az xəbər verir ki, Türkiyə Prezidentinin qarşılanma mərasimi keçirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
1news.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Ərdoğanla birlikdə ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlüd Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Azərbaycana gəlir.
Prezident İlham Əliyevin dəvəti əsasında Rəcəb Tayyib Ərdoğan 26 oktyabr 2021-ci il tarixində Azərbaycanda birgünlük səfərdə olacaq.
Türkiyə Prezidenti Azərbaycan dövlət başçısı ilə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda Türkiyənin də dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılacaq.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, hazırkı regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.
1news.az