Gənclər vətənpərvərlik ruhunda yetişərək düşmənin əlindən müqəddəs torpaqlarımızı ala bildilər – Prezident
Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də - Zəfər Günündə Şuşada hərbçilərin qarşısında çıxışında səsləndirib.
“Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.