“Azİz”in prezidenti İlham Əliyevi təbrik edib
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
İsraildə yaşayan çoxminlik Azərbaycan icması adından Sizi və Sizin şəxsinizdə bütün xalqınızı əlamətdar tarix – Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibətilə təbrik edirəm.
Bu Qələbə Azərbaycan xalqının sıx birliyi, əsgərlərinin qəhrəmanlığı və fədakarlığı, həmçinin Siz başda olmaqla, Azərbaycan Respublikası rəhbərliyinin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olub.
Bu Zəfər azərbaycanlıları qalib millətə, Azərbaycanı isə döyüş meydanında ədalətli mübarizə nəticəsində ərazi bütövlüyünü bərpa etmiş ölkəyə çevirib.
2020-ci il Vətən müharibəsində Azərbaycanın Qələbəsi dönüş nöqtəsi, firavanlaşan Azərbaycanın və sülhsevər xalqınızın yeni tarixinin başlanğıc nöqtəsi olacaq.
Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh və firavanlıq arzu edirəm.
Yaşasın Azərbaycan!".