Şuşada şəhidlik zirvəsinə yüksələn mayor – FOTO
Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur. Bu gün Fəridin şəhid olmasından 1 il ötür.
1news.az-ın verdiyi xəbərə görə, Fərid Ələkbərovun il mərasimi ilə əlaqədar şəhidin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Yasamal RİH rəhbərliyi və digər şəxslər İkinci Fəxri xiyabanda şəhidimizin məzarını ziyarət ediblər.
Keçirilən anım mərasimində çıxış edənlər Fərid Ələkbərovun Heydər Əliyev adına Ali Hərbi məktəbdə müəllim kimi hərbi məktəbdə fəaliyyətindən geniş söhbət açaraq, onun həm bir peşəkar hərbçi, həm də əsl pedaqoq olmaqla bütün tələbələrinin sevimlisi olduğunu bildiriblər. Çıxışlarda Fərid Ələkbərovun 2014-cü ildən Heydər Əliyev adına Hərbi Akademiyada artilleriya bölməsi üzrə baş müəllim vəzifəsində çalışaraq kapitan rütbəsindən mayor rütbəsinə qədər yüksəlib, 2018-ci ildən baş zabit vəzifəsinə təyin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, Fərid Ələkbərovun 44 günlük Vətən savaşında keçdiyi döyüş yolunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Mərasimdə çıxış edən şəhidin qardaşı Rüfət Ələkbərov və anası Şüküfa Hüseynova öz xatirələrini, ürək sözlərini və arzularını gənc zabitlərə çatdırıblar.
Fərid Ələkbərov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” , “İqidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, Ələkbərov Fərid Tahir oğlu 18 iyul 1980-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Türkiyə İstanbul Kuleli Askeri Lisesinə qəbul olunub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankara Kara Harp Okuluna daxil olub və 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Bununla kifayətlənməyən Fərid Isparta şəhərində Dağ Komando Məktəbinə qəbul olunub və buranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə qatılıb. Murov dağının yüksəkliklərinin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. 8 noyabr 2020-ci ildə Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almağına baxmayaraq, döyüşü davam etdirib və düşmənin canlı qüvvəsini məhv edib bununla da taborun muhasirədən xilas olunmağında müstəsna rol oynayıb . Bu, Fəridin son döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn olunub.