Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Aİ-nin maliyyə institutlarının iştirakı müzakirə olunub
Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun rəhbəri vəzifəsini icra edən Maçye Popovski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, xüsusilə də “Şərq tərəfdaşlığı” ölkələrinin qarşıdan gələn Zirvə Görüşü ərəfəsində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Brüsseldə “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirakına, habelə Aİ rəsmiləri ilə keçirilmiş ikitərəfli görüşlərinə istinad edib, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müzakirə olunduğunu bildirib.
M.Popovski Bakıda keçirdiyi görüşlərdən, habelə təşkil olunan “Qarışıq Maliyyə” təlimindən məmnunluqla bəhs edib. Bu tədbirin əməkdaşlıq münasibətləri çərçivəsində mövcud olan və hələ ki, istifadə edilməyən potensialın müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıdığını bildirib.
Tərəflər, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesi çərçivəsində Avropa İttifaqının maliyyə institutlarının iştirakı məsələsini müzakirə ediblər.