Nizami Gəncəvi Beynəlxalq Forumu fəaliyyətə başladı
Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində "Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb.
1news.az xəbər verir ki, Forumda mədəniyyət naziri Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmedoviç Nazarbekov və başqaları iştirak edirlər.
Həmçinin Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunur.
Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulub.