İndiyədək Azərbaycan 80-a yaxın ölkəyə yardım göstərib
2021-ci il ərzində Azərbaycan Respublikası beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyətini davam etdirib.
1news.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir.
Qeyd edilib ki, yalnız Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi – AİDA-nın (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərkibində fəaliyyət göstərilir) əlaqələndirməsi ilə 2021-ci ildə İndoneziya, Xorvatiya, Sent Vinsent və Qrenadinə humanitar yardım, eləcə də Türk Dövlətləri Təşkilatı xətti ilə isə Burkina Fasoya COVID-19 əleyhinə peyvənd göndərilmişdir. Ümumilikdə isə ölkəmiz indiyədək dünyanın 80-a yaxın ölkəsinə və üç beynəlxalq təşkilata yardım göstərmişdir. Bundan əlavə, AİDA-nın qoşulduğu İslam İnkişaf Bankının Afrika ölkələrində “Qarşısı alınabilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) layihəsi çərçivəsində 2021-ci ildə Qvineya, Kotdevuar və Nigerdə humanitar aksiyalar keçirilib.
"Eyni zamanda, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin vətəndaşları üçün təsis edilmiş qrant proqramları sayəsində 2021-ci ildə 37 ölkədən 40 tələbə Azərbaycan universitetlərində ali təhsil almaq şansı əldə edib. AİDA-nın ADA Universiteti ilə birgə təşkil etdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” çərçivəsində 15 xarici diplomat üçün təlim təşkil olunub", - məlumatda deyilir.