Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Meksikada qeyd olunub
Azərbaycanın Meksikadakı səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə mərasim keçirilib.
Səfirlikdən 1news.az-a bildiriblər ki, Meksikada yaşayan soydaşlarımızın iştirak etdikləri tədbirdə çıxış edən səfir Məmməd Talıbov ötən il Azərbaycanın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbəyə imza ataraq ərazi bütövlüyünü bərpa etdiyini və xalqımızın sarsılmaz həmrəyliyinin bu müqəddəs amala nail olunmasında müstəsna rol oynadığını bildirib.
Səfir, həmçinin soydaşlarımıza başa çatmaqda olan il ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük sürətlə aparılan quruculuq işləri, bölgənin ümumi inkişafı istiqamətində ölkəmiz tərəfindən aparılan fəaliyyət barədə məlumat verib, həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Meksikanın fərqli ştatlarında yaşayan azərbaycanlıların bir araya toplandığı tədbirdə qonaqlara milli mətbəximizdən nümunələr təqdim olunub.