Deputat: “Xaricdə təhsil alan gənclərin Azərbaycana qayıdıb işləməsi üçün şərait var”
“Gənclər siyasəti Azərbaycan Dövlətinin əsas prioritet sahələrindəndir”.
Bunu 1news.az-a Prezident İlham Əliyevin ötən gün 2 fevral Gənclər Günü münasibəti ilə gənclərlə görüşü ilə bağlı danışarkən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Cənab Prezident İlham Əliyev, ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiq qalaraq gənclərə hər zaman diqqət və maraq göstərir. Gənclərin inkişaf etməsi, təhsil alması, vətən, millət üçün yararlı kadr olması üçün dövlət bütün imkanlarını səfərbər edir. Sevindirici haldır ki, cənab Prezidentin dönəmində yetişən, formalaşan gənclər həm 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq etdilər, şəhid oldular, torpaqlarımızı işğaldan azad etdilər. Həmçini bütün sahələrdə gənclər aktiv fəaliyyət göstərməkdədirlər”.
Deputat bildirib ki, Azərbaycan Dövləti tərəfindən gənclərin xaricdə təhsil alması ilə bağlı birinci xaricdə təhsil proqramı həyata keçirildi.
“Həmin dövrdə 3000-ə yaxın Azərbaycan gənci xarici ölkələrin ən reytinqli universitetlərində təhsil aldılar. Həmin tələbələr daha sonra Azərbaycana dönərək burada işləməyə başladılar, hətta, həmin şəxslərin Azərbaycanda imtahansız dövlət qulluğuna qəbulu həyata keçirildi. Cənab Prezidentin yeni sərəncamına müvafiq olaraq, yeni xaricdə təhsil proqramı hazırlanır, düşünürük ki, 2022-ci ildə bu proqram artıq işə düşəcək”.
“Həm magistrların, həm də doktorantların xaricdə ən reytinqli universitetlərdə və ən çox tələbat olunan ixtisaslarda təhsil almaları üçün Azərbaycan dövləti tərəfindən dəstək veriləcək” – deputat əlavə edib:
“Birinci proqram zamanı təxminən 200 milyondan çox vəsait xərclənmişdi. Hal-hazırda da təxminən 200-250 milyon civarında vəsaitin bu proqramın icrasına sərf ediləcəyi planlaşdırılır. Ümumilikdə Azərbaycan Hökuməti bu gənclərin xaricdə təhsil aldıqdan sonra Azərbaycana qayıtmaları üçün xüsusi təşviqedici tədbirlər görüb, bu gündən sonra da görəcək. Həmin gənclərin Azərbaycana qayıdıb işləməsi üçün hər cür şərait var. Bizim hədəfimiz də ondan ibarətdir ki, neft gəlirlərini insan kapitalına çevirə bilək, həmin kadrlar gələcəkdə Azərbaycanın iqtisadiyyatına öz töhfələrini verə bilsinlər. Azərbaycanda bu sahələrdə olduğu kimi gəncər siyasətində də islahatlar uğurla həyata keçirilir. 2 Fevral Gənclər Gününün təsis olunmasının 25-ci ili ötən gün qeyd olundu. Cənab Prezident Gənclərlə görüşündə çox ətraflı və maraqlı nitq söylədi, gənclərin suallarını cavabladı. Biz bu görüşdə bir daha gördük ki, Azərbaycanda gənclər siyasəti həmişə prioritet olub, bu gündən sonra da prioritet sahə olaraq qalacaq”.