Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə videoformatda görüşüb - FOTO
Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev fevralın 12-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfdən həmsədri Rüstəm Qasimi ilə videoformatda görüşüb.
Görüşdə, həmçinin hər iki ölkənin müvafiq dövlət strukturlarının nümayəndələri iştirak ediblər.
1news.az-ın verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit, energetika, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Ötən ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüşün tarixi əhəmiyyəti vurğulanaraq, dövlət başçılarının bu görüşü ilə Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.
2022-ci ilin Azərbaycanla İran arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu məmnunluqla qeyd edilib.
Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq Azərbaycan-İran ticarət dövriyyəsinin 30% artdığı vurğulanıb.
Nəqliyyat-tranzit sahəsində uğurlu əməkdaşlıq xüsusi vurğulanaraq iki ölkə arasında avtomobil daşımalarının həcminin 2021-ci ildə əhəmiyyətli dərəcədə - 70% artması məmnunluqla qeyd olunub.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət və nəqliyyat-tranzit sahələrində əlaqələrin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib.
Görüşdə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi məsələsi, həmçinin Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi yolları müzakirə edilib.