Deputat: “Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın və dövlətimizin xidmətindədir” - FOTO
“2016-cı ildə keçirilən referndumda Azərbaycanda ilk dəfə vitse-prezidentlik institutu yaradıldı və 2021-ci il fevral ayının 21-də Birinci vitse-prezident vəzifəsinə çox hörmətli Mehriban xanım Əliyeva təyin olundu”.
Bu barədə 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Mehriban xanım bu vəzifəyə təyin olunana qədər Heydər Əliyev Fondunun prezidenti olaraq, Azərbaycan mədəniyyətinin və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında humanitar tədbirlərin və layihələrin reallaşmasında çox böyük işlər görüb. Mehriban xanım Əliyevanın həyata keçirdiyi bu missiya, faktiki olaraq tək Azərbaycanda deyil, Azərbaycan hüdudlarından kənarda da çox böyük rəğbət qazanıb və hər zaman Azərbaycanın nüfuzunu artırmağa xidmət edib".
"Mehriban xanım birinci vitse-prezidentlik vəzifəsinin icrası zamanı bu vəzifəni daha da nüfuzlu etmiş, Azərbaycanda bütün sosial və humanitar layihələrin uğurla həyata keçirilməsini təmin edə bilmiş, Cənab Prezident İlham Əliyevin siyasətini uğurla təbliğ etmiş və təmsil etmişdir" - N.Həmzəyev əlavə edib:
"Həmçinin Mehriban xanım Əliyeva bütün fəaliyyəti boyu ulu öndər Heydər Əliyevə sadaqət nümayiş etdirmiş və bu sədaqətin nəticəsidir ki, Heydər Əliyev Fondu ötən müddət ərzində ulu öndər Heydər Əliyev irsini öyrənməklə, tədqiq etməklə yanaşı, həmçinin bütün sahələr üzrə çox maraqlı, mədəni, humanitar, sosial və ekoloji layihələri uğurla həyata keçirib və regionların inkişafında çox böyük xidmətləri olub”.
Deputat deyib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli genefondun qorunmasına, ölkənin tərəqqisinə, xalqın problemlərinin həllinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına xidmət edir:
"Məhz Mehriban xanım Əliyeva öz nəcib əməlləri, həssas ürəyi, ülviyyəti, yüksək mədəniyyəti, ziyalılığı, insanpərvərliyi ilə milyonlarla insanın ürəyinə yol tapıb, xalqın sevimlisinə çevrilib. Dərin düşüncəsi, müdrikliyi, vətənpərvərliyi ilə gələcək nəsillər üçün əsl örnəyə çevrilən Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Bu da onu təsdiq edir ki, bütün fəaliyyətini xeyirxah işlərə, elmin, mədəniyyətin, təhsilin inkişafına, uşaqların problemlərinin həllinə yönəldən ölkəmizin birinci xanımı incə təbiətə, həssas qəlbə sahibdir. Mehriban xanımın sadə insanlarla keçirdiyi hər görüşdə bunun şahid oluruq".
Millət vəkilinin sözlərinə görə, Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyətinin, hətta beynəlxalq ictimaiyyətin də diqqətini çəkib:
"Belə ki, Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülür".
N.Həmzəyev bildirib ki, beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır:
"Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilib".
“Bildiyimiz kimi Azərbaycanda birinci Qarabağ savaşı, ikinci Qarabağ savaşı və ümumiliklə bütün şəhid ailələri, qazilər, onların sosial təminatının yaxşılaşdırılması işində Heydər Əliyev Fondunun misilsiz əməyi və xidməti olub” – deyə, deputat əlavə edib:
“Bütün bu proseslərə Mehriban xanım Əliyeva şəxsən rəhbərlik etməkdədir. Həmçinin, pandemiya dönəmində aztəminatlı ailələrin dəstəklənməsi, onlara maddi yardımın göstərilməsi, Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində təxirəsalınmaz tədbirlərin Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu tərəfindən keçirilməsi onu deməyə imkan verir ki, Mehriban xanım Əliyeva durmadan, dayanmadan xalqın və dövlətimizin xidmətindədir. Mehriban Əliyevanın birinci vitse-prezident olaraq 5 il ərzində gördüyü işlər ancaq təqdirəlayiqdir, Azərbaycan xalqı və dostlarımız tərəfindən alqışlanır. Biz də Mehriban xanım Əliyeva bu şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq. Mehriban xanım Əliyevanın mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verməsi haqlı olaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Tutduğu statusdan, mövqedən asılı olmayaraq hər bir azərbaycanlının dərd-sərinə şərik olması, problemləri ilə maraqlanması Mehriban xanım Əliyevanın yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, doğma Mehribanı olduğunu bir daha sübut edir”.