Moldovada yaşayan azərbaycanlılar Xocalı soyqırımı ilə əlaqədar piket keçiriblər - FOTO
Moldovada yaşayan azərbaycanlılar Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar BMT və ATƏT-in Moldovadakı nümayəndəlikləri önündə dinc piket keçiriblər.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əllərində Azərbaycan və Moldova bayraqlarını tutan piketçilər “Xocalını unutmayacağıq!”, “Xocalıya ədalət!”, “Dünya, Xocalı soyqırımını tanı!”, “Soyqırımında günahı olanlar cəzalandırılmalıdır!” şüarlarının yazıldığı plakatlar nümayiş etdiriblər.
Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliat kampaniyası çərçivəsində baş tutub. Aksiyanın məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə məhz azərbaycanlı olduqlarına görə Xocalıda dinc sakinlərə qarşı dəhşətli soyqırımı törətməsinə yerli ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətini bir daha cəlb etmək olub.
Mövzu ilə əlaqədar oxuyun:
“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO