“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO

S.Xankişiyeva19:05 - 04 / 02 / 2022
“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO

Ermənilərin törətdiyi Xocalı soyqırımı zamanı o müdhiş gecədə həlak olmuş 9 yaşlı Sevincin xatirəsinə Instagram sosial şəbəkəsində hesab açılıb.

Blogger Əlixan Rəcəbovun öz səhifəsində yazdığı kimi, @sevinj.stories layihəsi kiçik bir qızın gözləri ilə “Xocalı faciəsi”nə baxışdır:

“Əgər 1992-ci ildə Instagram olsaydı və kiçik bir qız bütün olanları "story"yə çəksəydi biz nələri görərdik?! Elə bu sual üzərindən yola çıxıb, baxacağınız story və postları çəkib, sizinlə paylaşacağıq.

Bu layihə @eva.stories layihəsinin Azərbaycan adaptasiyasıdır. Personajlar, sujet xətti xəyal məhsulu olsa da, faciə real hadisələr əsasındadır.

Allah Xocalı soyqırımı qurbanlarına rəhmət eləsin!”

Sevinc haqqında hekayə bir qızın bizi babası və nənəsi ilə tanış etdiyi və Xocalıdakı həyatından xoşbəxt anları paylaşdığı treyler ilə başlayır. Sonra güllə səsi eşidilir və ailə gecə yarısı qaçmağa başlayaraq evlərini tərk edir.

“Xocalıda doğulub, böyüyən, gələcək üçün arzuları olan, müharibədən xəbərsiz bir uşaq nələr yaşayıb, nə hisslər keçirib? Heyət olaraq bu sualın cavabını tapmağa çalışdıq və “Sevinj.stories” layihəsini ərsəyə gətirdik. Hər birimiz özümüzü Sevincin yerinə qoyduq, Sevinc ilə yaşayıb, onun ilə birlikdə xəyallar qurduq. Layihəyə verdiyiniz dəstəyə görə, Xocalı dəhşətini bütün dünyaya tanıtmaqda bizə dəstək olduğunuz üçün sizlərə xüsusi təşəkkür etmək istəyirik. Çox sağ olun”, - deyə Ə.Rəcəbov qeyd edib.

Qeyd edək ki, @sevinj.stories səhifəsinə qısa zamanda 30 000-dən çox izləyici qeydiyyatdan keçib və onların sayı artmaqda davam edir.

Xatırladaq ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil Xocalı soyqırımı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecədə 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Mövzu ilə əlaqədar oxuyun:

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

Paylaş:
2639

Son xəbərlər

Bütün xəbərlər