Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Pakistan mətbuatında məqalələr dərc olunub - FOTO
Pakistanın “The Nation”, “Daily İttehad” kimi geniş oxucu kütləsinə malik qəzetlərində və “Pakistan Economic Net” xəbər agentliyində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Xocalı soyqırımı - XX əsrin faciəsi” və “Xocalı faciəsi: Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım” adlı sərlövhəli məqalələr dərc olunub.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, məqalələrdə, cari ilin 26 fevral tarixində Xocalı soyqırımın 30-cu ildönümünün anılacağı qeyd olunaraq bu soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu vurğulanıb.
Yazılarda, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Sovet imperiyasının 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlı dinc sakinləri gülləbaran etdikləri qeyd edilib.
Müəlliflər, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqrımının 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 yaşlının həyatına son qoyduğunu, 1275 dinc sakinin əsir götürüldüyünü, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 475 nəfərin yaralandığını, 8 ailənin tam məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini diqqətə çatdırıblar.
Məqalələrdə, məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Xocalı Soyqırımının mahiyyətini ortaya qoyduğu, onun təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin bu cinayətə hüquqi və siyasi qiymət verən xüsusi sənəd qəbul etdiyi və sənəddə faciənin səbəbləri və cinayətkarların təsbit edildiyi barədə məlumat verilib.
Materiallarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampanıyasına da toxunularaq, Fond tərəfindən dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə həyata keçirilmiş fəaliyyətlərdən bəhs olunub.
Yazılarda həmçinin, 2020-ci ilin sentyabrında Azərbaycan Respublikasının öz torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyünü bərpa etdiyi, 44 günlük müharibə zamanı Xocalıda olduğu kimi, Ermənistanın bir daha dinc əhalini hədəfə aldığı, 11-i uşaq olmaqla 100-dən çox azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetirdiyi də qeyd olunub.
Eyni zamanda, Azərbaycan və Pakistan xalqlarının faciənin günahsız qurbanlarını və erməni vəhşiliyinin digər qurbanlarını dərin hörmət və ehtiramla yad etdikləri diqqətə çatdırılaraq, Xocalı soyqırımının Pakistanın da daxil olduğu bir sıra ölkələr tərəfindən tanınaraq qınandığı bildirilıb.
https://en.dailyittehad.com.pk/story/1609
https://pakistaneconomicnet.com/story/50311/
Mövzu ilə əlaqədar oxuyun:
ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib – FOTO
“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO