Ukrayna səfiri: İşğalın qarşısı alınmalı və dünya birliyi bu vəziyyətə münasibət bildirməlidir
Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və biz bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Biz 44 günlük Vətən müharibəsində həmrəylik göstərdiyimiz kimi, Azərbaycan vətəndaşları da sosial şəbəkələrdə Ukrayna xalqına həmrəylik nümayiş etdirirlər. Bunun üçün təşəkkürümüzü bildiririk.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski fevralın 25-də keçirdiyi mətbuat konfransında söyləyib.
Səfir bildirib ki, iki gündür Rusiya Ukraynanın dövlət sərhədlərini pozaraq bu ölkənin ərazisinə daxil olub. Ukraynanın ərazisi çoxsaylı raket atəşinə tutulub. Hazırda Kiyev uğrunda şiddətli döyüşlər davam edir.
Rusiya silahlı qüvvələrinin qurudan və sudan hücuma keçdiyini, xeyli hərbi obyektin məhv edildiyini diqqətə çatdıran səfiri V.Kanevski Çerniqov, Tula, Luqansk, Donetsk, Jitomir və Kiyev vilayətlərinin işğala məruz qaldığını bildirib. Qeyd olunub ki, Çernobıl AES artıq Rusiyanın əlindədir.
“Hazırda mülki insanlar qətlə yetirilir, yaşayış obyektləri atəşə tutulur. Ukraynada səfərbərlik elan edilib. Əli silah tutan hər kəs doğma torpaq uğrunda mübarizəyə qalxıb. Torpaq uğrunda döyüşmək şərəfdir. Biz öz evimizi, torpağımızı müdafiə edirik”, - deyə səfir vurğulayıb.
Bunun Rusiya tərəfdən işğalçılıq aktı olduğunu diqqətə çatdıran səfir Vladislav Kanevski bildirib ki, işğalın qarşısı alınmalı və dünya birliyi bu vəziyyətə münasibət bildirməlidir.
Mövzu ilə əlaqədar oxuyun:
Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır
Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib
Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb
Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib
Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib
Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”
Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib