Sevinc Fətəliyeva: Azərbaycan-Türkiyə dostluğu regionda çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir
“Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq prinsiplərinə əsaslanan münasibətləri davamlı olaraq inkişaf edir.
Prezidentimiz İlham Əliyevin martın 10-da Türkiyəyə səfəri bu reallığı bir daha təsdiqləyir. Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Son zamanlar regionumuza yaxın ərazilərdə baş verən mürəkkəb proseslər fonunda iki qardaş ölkənin birliyi daha da güclənir”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, səfər çərçivəsində dövlətimizin başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafı, hərbi-texniki sahədə əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri və digər məsələlər müzakirə olunub. Bu, iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin zirvədə olduğunu, Bakı ilə Ankaranın geosiyasi iradəsinin vacib regional məsələlərin həllini təmin etdiyini bir daha təsdiqləyir. Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində, möhtəşəm tarixi Zəfərin qazanılmasında qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin müstəsna əhəmiyyəti oldu. Vətən müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda isə Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir.
“Ölkələrimiz arasında hər bir sahə üzrə əməkdaşlıq uğurla inkişaf edir. Eyni zamanda, birgə qlobal layihələrin önəmi xüsusi vurğulanmalıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr isə regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Cənab İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın görüşündə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa da toxunulub, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb. Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bunlarla yanaşı, hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Bütövlükdə, iki qardaş ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı-faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın güclənməsində vacib rola malikdir. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Bu amil Cənubi Qafqazın gələcək inkişafında əsas rol oynayır”,-deyə S.Fətəliyeva vurğulayıb.