“Qaradağ” Günəş Elektrik Stansiyası gələn il istifadəyə veriləcək
Ötən gün təməli qoyulmuş “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasının 12-18 ay ərzində tamamlanması nəzərdə tutulur.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib.
Bildirib ki, ümumi gücü 230 mVt/saat olacaq bu stansiya istifadəyə verildikdən sonra ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək: “Bu da 110 min evin elektrik enerjisi ilə təmin edilməsi deməkdir.
Stansiya, həmçinin analoji həcmdə elektrik enerjisinin istehsalı üçün lazım olan 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq. Layihənin inşası dövründə yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Stansiyanın inşası zamanı 700-dən artıq, istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq”.