Ağdabandan olan deputat: “Qızlarımız, gəlinlərimiz erməni əlinə keçməmək üçün özlərini çaya atdılar”
Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər şəhərindən 37 km şimal-şərqdə yerləşən Ağdaban kəndinin sakinlərinə qarşı vəhşiliklər törədib.
130 evdən ibarət olan kəndin işğalı zamanı evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.
Üzərindən illər keçsə də hələ də ermənilərin bu vəhşiliklərinə dünya ictimaiyyəti tərəfindən tutarlı cavab verilməyib. Soyqırım törədən ermənilər cəzasız qalmaqda davam edir.
Hadisələrin ildönümündə 1news.az-a danışan Milli Məclisin əslən Kəlbəcərin Ağdaban kəndindən olan deputatı Aqil Məmmədov deyib ki, tarixə nəzər salanda ermənilər azərbaycanlılara qarşı təkcə Xocalıda, Ağdabanda soyqrım törətmədikləri aydın şəkildə görülür:
“100 il əvvələ nəzər salsaq görərik ki, 1905-1907-ci illər, 1917-18-ci illər, eyni zamanda 1918-ci ilin mart-aprel aylarında ən böyük qırğınlardan biri törədildi. Sovet hakimiyyəti qurulandan sonra 1921-1929-cu illərdə ermənilər öz havadarlarının dəstəyi ilə Zəngəzur, Qazax, Naxçıvan torpaqlarından 10 min kvadrat kilometr ərazini öz ərazilərinə birləşdirməyə nail oldular. 1937-ci ildə repressiya dövründə 1918-ci ilin mart ayında törədilən soyqırımdan da daha böyük soyqırım törədilmişdi. Azərbaycanın üzdə olan, düşünən beyinlərini, danışan dillərini, elm adamlarını, şairlərini, yazıçılarını, siyasətçilərini sorğu-sual etmədən öldürdülər və yaxud da sürgün etdilər. 1964-cü ildə onların Moskvada oturan erməni havadarlarının dəstəyi ilə məsələ qaldırıldı ki, “Dağlıq Qarabağ” Ermənistana birləşdirilsin. O vaxtkı Sovet rəhbərliyi bunu qəbul etmədi, lakin bu hallar sonralar yenə də davam etdi.
1947-48-ci illərdə Ermənistanda yaşayan soydaşlarımızın oradan qovulma məsələsi də erməni təcavüzkarlığının göstəricisi idi. Ulu öndər Heydər Əliyevin Moskvada siyasi hakimiyyətdən uzaqlaşdırılmasından istifadə edən ermənilər yenidən Qarabağ məsələsini ortaya atdılar, yenidən Ermənistana birləşdirilməsi məsələsi gündəmə gətirildi. 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlılar məcburən ata-baba torpaqlarından didərgin salındı, qaçqına çevrildi, Azərbaycana köçürüldü. Ermənilər öz siyasətlərini həyata keçirməyə davam etdilər, nəticədə Ermənistan monoetnik bir dövlətə çevrildi. Başqa millətsiz Ermənistan dövlətini yaratdılar”.
Deputat deyib ki, ermənilər bunlarla yetinməyib yeni ərazi iddialarına düşdülər:
“Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törətdilər. Xocalı soyqırımından 1 ay sonra Kəlbəcər rayonunun Ağdaban kəndində qətliam həyata keçirdilər. Ağdaban kəndi Qarabağ istiqamətindən Kəlbəcərin qapısı hesab olunurdu. Onların Ağdaban kəndində soyqırım törətmələrinin səbəbi ondan ibarət idi ki, Ağdabandan sonra o ətrafda yerləşən kəndlərin işğalı daha asanlaşacaqdı, eyni zamanda Murovdağ yolunun tutulması da asanlaşacaqdı”.
A.Məmmədov deyib ki, Kəlbəcərin Ağdaban kəndinə təzyiqlər 1988-ci ildən başlamışdı:
“Belə ki, 1989-cu ildə erməni kəşfiyyatçıları Ağdabana gələrək orada olan vəziyyəti daha yaxından öyrənmək üçün gizli bir səfər həyata keçiriblər. Kənd sakinlərinin ayıq-sayıqlığı nəticəsində həmin kəşfiyyatçılar tutularaq Kəlbəcər rayon mərkəzinə təhvil verilmişdi. İstintaqın orada aparılması üçün işə başlanıldı, lakin o vaxtki rəhbərlik buna icazə vermədi, o məsələnin istintaqının Qarabağda aparılması məsləhət bilindi. Erməniləri Qarabağa aparmaq üçün helikopter göndərilməli idi, elə də oldu. Amma onda da təxribat törətməkdən əl çəkməyiblər. Görünür ki, həmin helikopteri idarə edənlər də erməni olub, nəzərdə tutulan əraziyə deyil, stadiona eniş ediblər. Həmin yerdə uşaqlar toplaşmıdı. Bilərəkdən qəza törədərək, guya helikopterin pərlərini naqilə toxunduğunu bildirmişdilər. Hadisə nəticəsində 8 azyaşlı uşaq şəhid oldu. 1990-cı ildə Ağdərə istiqamətindən, Tərtərdən Kəlbəcərə gedən maşın karvanına, dinc əhaliyə Ermənistan silahlı qüvvələri tərəfindən basqın edildi və orada dinc sakinlərimiz yenidən qətlə yetirildi. Bu cür basqılar, təxribatlar 1988-ci ildən başlayaraq hər ay davam edirdi və nəhayət Kəlbəcərin yolu kəsildi, 55 mindən çox əhalı işıqsız, yolsuz, çətin şəraitdə yaşamağa davam etdi”.
Deputat bildirib ki, bir neçə il mühasirədə qalmasına baxmayaraq Kəlbəcər camaatı o çətinliklərə sinə gərdi, torpağını qoruyub saxladı:
“Amma o vaxtki rəhbərlik Kəlbəcərin, o cümlədən Ağdabanın müdafiəsini lazımı səviyyədə qura bilmədi. Nəticə etibarı ilə 1992-ci ildə ermənilər geniş hərbi əməliyyat keçirərək kəndi mühasirəyə aldılar. Kənd camaatının ayıq-sayıqlığı nəticəsində kənd əhalisinin bir qismi çıxarıldı. Postlarda duran gənclərimiz, kənd sakinlərimiz qəhrəmancasına şəhid oldular. Qüvvələrin qeyri-bərabərliyi nəticəsində ermənilərin hərbi texnikası kəndə girdi və orada qətliamlar törətməyə başladılar. Çox planlı bir hücum idi. Orada onlar evləri yandıranlar, insanları işgəncə ilə qətlə yetirənlər, mal-qaranı kənddən çıxaranlar, kənddə olan texnikanı, maşınları çıxaranlar olaraq ayrı-ayrı qruplara bölünmüşdülər.
Bundan başqa ermənilər kəndin tarixi abidələrini, qəbirsanlıqlarını, Dədə Şəmşirin ata-babadan qalan 100 illik sənədlərini məhv etdilər. Bütün bunlara baxmarayaq kənd camaatı özünü yenidən topladı, həmin kənddə yaşamağa davam etdilər. Ağdaban kəndi 2 dəfə işğala məruz qalıb. 1993-cü il mart ayının 25-də kənd yenidən işğal olundu. Qarabağ istiqamətindən Kəlbəcərə hücum və Ermənistan istiqamətindən Kəlbəcərə hücumlar davam etdi. Qüvvələrin qeyri-bərabərliyə nəticəsində Kəlbəcər camaatı məcburən öz ata-baba yurdlarını tərk etdilər. 500-dən çox kəlbəcərli şəhid oldu. Qızlarımız, gəlinlərimiz erməni əlinə keçməmək üçün özlərini çaya atdılar”.
“Çox şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı” – deyə deputat əlavə edib:
“10 noyabr 2020-ci ildə ermənilər diz çökdürülərək kapitulyasiya aktına imza atmağa məcbur edildi. Qələbədən sonra Ağdaban faciəsi başqa bir ab-havada qeyd olunur. Kəlbəcərimizə getdik, ötən gün Ağdaban soyqırımın ildönümü münasibəti ilə Kəlbəcərə səfər edən bəzi kənd sakinləri Ağdaban soyqrımı nəticəsində şəhid olanların məzarlarına baş çəkdilər. Artıq biz Kəlbəcərə qayıtmışıq, şəhidlərimizin ruhu şaddır”.
A.Məmmədov bildirib ki, qələbə qazansaq da, ermənilərlə münasibət nə qədər düzəlsə də bu soyqırımları unutmamalıyıq:
“Ermənilərin törətdikləri soyqırımları dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etməliyik”.