İlham Əliyev: Azərbaycanın müasir nəqliyyat infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı müzakirə edilən digər məsələlərdən də danışaraq deyib: “Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır”.
İnvestisiya sahəsində imkanlara toxunan Prezident İlham Əliyev qeyd edib ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. “Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı”, - deyə Azərbaycan Prezidenti əlavə edib.