Vətən müharibəsindəki tarixi Zəfərimizdə Xüsusi Təyinatlı Qüvvələrin rolu misilsizdir - Vüqar Rəhimzadə
“Ermənistanın 30 illik işğalına 44 günlük Vətən müharibəsində son qoyulması, ədalətin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynadı.
Rəsmi Bakı münaqişənin davam etdiyi dövrdə dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Azərbaycanın tam haqqı var ki, torpaqlarını istənilən yolla azad etsin. Bu müstəsna hüququmuz əsas götürülərək sülh danışıqları səmərə verməyəcəyi təqdirdə müharibə variantı heç zaman istisna edilmədi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısındakı nitqində bu məqamı xüsusi vurğuladı ki, Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman mənim üçün birinci vəzifə ordu quruculuğu oldu. Çünki torpaqlarımız işğal altında idi, danışıqlara ümidlərimiz tükənmişdi və güc yolu ilə bu məsələni həll etməli idik. Nəyin bahasına olursa-olsun torpaqlarımızı düşmənin əlindən alacağımızı, ərazi bütövlüyümüzü bərpa edəcəyimizi bəyan etdik və belə də oldu.”
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə diqqəti bugünümüz üçün yaradılan möhkəm təmələ yönəldərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılması Ümummilli Liderin uzaqgörən siyasətinin əyani təzahürlərindən biridir: “İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə Xüsusi Təyinatlı Qüvvələrin rolu misilsizdir. “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır” söyləyən ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkdi. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri məlumdur.
O zaman nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı. Hakimiyyəti zəbt etdən səriştəsiz, idarəçilik qabiliyyəti olmayan antimilli ünsürləri dövlət maraqları deyil, özlərinin şəxsi ambisiyalarını həyata keçirmək düşündürürdü. Məhz onların xəyanəti nəticəsində Şuşanın, Laçının, Kəlbəcərin düşmən tərəfindən işğal olunması Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək niyyəti reallığa çevrildi.”
“Artıq ilyarımdır ki, tarixi Zəfərimizdən, Azərbaycan Ordusunun planetimizə səs salan gücündən, qüdrətindən, işğalçı Ermənistana heç zaman unuda bilməyəcəyi dərsin verilməsindən, dünyaya ədalət, beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu qəbul etdirməyimizdən iftixar hissi ilə söhbət açırıq” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu gücləndi, döyüş qabiliyyətini daha da möhkəmləndirdi, gənclərimiz milli vətənpərvərlik ruhunda böyüyərək torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın “Hücum!” əmrini gözlədiklərini hərbi xidmətə xoş əhval-ruhiyyə, mübarizə əzmi ilə yollanmaları ilə təsdiqlədilər:
“Azərbaycan Ordusu hansı imkanlara malik olduğunu hələ 2016-cı ilin Aprel döyüşlərində nümayiş etdirmişdi. Aprel döyüşlərindəki Qələbəmizdə də xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Amma bu Qələbəmiz təəssüf ki, işğalçılar üçün dərs olmadı. Düşmən işğalı əbədiləşdirmək üçün yeni ərazilər uğrunda müharibə planları hazırladı və 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət onların bu kimi sərsəm xülyalarını alt-üst etdi, Ermənistan silahlı qüvvələri layiq olduğu dərsi aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın baş naziri Nikol Paşinyan döyüş meydanında biabırçı məğlubiyyətdən sonra kapitulyasiya aktına imza atmağa, “Qarabağ Azərbaycandır” etirafını səsləndirməyə məcbur oldu.
Bəli, möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şanlı tariximizdir. Ermənistan ordusu 44 gündə tamamilə məhv edildi. Erməni ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısındakı nitqində bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu. Amma onlar paytaxtımıza məhv edilmiş vəziyyətdə gətirildi. İndi o tanklar və düşmənin digər hərbi texnikası Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.”
“Xalqımız bizə bu Zəfəri yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinə hər zaman minnətdarlığını ifadə edir. Bizim üçün xüsusilə qürurverici faktdır ki, Azərbaycanın müharibə təcrübəsi, dünyaya səs salan Şuşa əməliyyatı bu gün beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi möcüzə kimi dəyərləndirilir. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin müharibənin ilk günündən sonunadək əsas hədəfimiz olduğunu önə çəkərək bu Zəfərdə xüsusi təyinatlıların rolunu xüsusi qeyd edir. Mədəniyyət paytaxtımızın azad olunması gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra etdilər”, -deyə Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar mərhələsini yaşayırıq: “Bu reallıqların əsas tərkib hissəsi işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. 44 günlük Vətən müharibəsində əsas hədəfimiz 30 il düşmən tapdağı altında olan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması idi. Bu gün isə Azərbaycanın müdrik Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edilmiş ərazilərimizin dirçəldilməsi, cənnət məkana çevrilməsi başlıca vəzifəmizdir. “Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik” söyləyən cənab İlham Əliyev hazırkı dövrdə ordu quruculuğunun uğurla davam etdirilməsini əsas hədəf kimi müəyyənləşdirir. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır, regionu yenidən qanlı müharibə poliqonuna çevirmək kimi sərsəm niyyətlərindən əl çəkmirlər. Belə bir şəraitdə Müzəffər Ali Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğu prosesi yeni reallığa uyğun davam etdirilir. Fəxr edirik ki, bu gün ordumuz müharibə dövründəkindən daha güclü, daha qüdrətlidir.”
Vüqar Rəhimzadə işğal və postmünaqişə dövrünün reallıqları fonunda bu ümumiləşdirməni aparıb ki, Azərbaycan 30 ilə yaxın müharibə şəraitində yaşasa da bütün sahələrdə qazandığı möhtəşəm uğurlarla dünyaya təkmil inkişaf modelini təqdim etdi. Bu uğurlarımızın yol açdığı tarixi Zəfərimiz ölkəmizin mövcud imkanlarını daha da genişləndirdi, Azərbaycanı qalib ölkə, xalqımızı müzəffər xalq kimi dünyaya təqdim etdi. Bu Zəfər, qalibiyyət tariximizdə əbədi qalacaq