Azərbaycan regionda real güc sahibidir
İkinci Qarabağ – Vətən Müharibəsindən sonra bir ildən artıq müddət ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirmişdir.
Eyni zamanda postmüharibə çağırışlarını da nəzərə alaraq Azərbaycanın çoxvektorlu xarici siyasətində ölkəmizin sülh və ədalət prinsiplərinin dönməz olduğu bir daha xarakterizə olunur. Bu proses şəxsən Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutan bütün görüşlərin əhəmiyyətini daha da artırır.
Cənab Prezidentin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format yarandı.
Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci ildə keçirilən üçtrəfli görüşlər, habelə cari ilin 06 aprel tarixili Brüssel səfəri çərçivəsində Brüssel sülh gündəliyinin əsasının qoyulmasından sonra 22 may 2022-ci il tarixində baş tutan növbəti üçtərəfli təmas artıq əvvəlki görüşlərdə əldə olunan razılaşmaların sürətli icrasına dair addımların dəqiqləşdirilməsi xarakteri daşıyır.
Böyük əmək sərf olunan və təqribən 5 saat çəkən bu görüşün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən səsləndirilən yekun bəyanatında Azərbaycanın maraqları demək olar ki, tam olaraq təmin olunmuşdur.
Belə ki, bəyanatda istər sülhün təmin edilməsi üçün danışıqların davam etdirilməsi, itkin düşmüş şəxslər və onların taleyinə aydınlıq, humanitar mina təmizləmə səylərinə dəstək, istərsə də iqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi qərarı, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığın əldə olunması regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır.
Eyni zamanda müzakirələrdə, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi, status məsələsinin ümumiyyətlə olmaması, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılması Cənab Prezidentin sülh və ədalətə əsaslanan humanist mövqeyinin bariz nümunəsidir.
Əslində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəfələrlə Azərbaycanın Avropa üçün önəmli bir tərəfdaş olduğunu qeyd etməsi Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olmasında əsas faktor olduğunun göstəricisidir.
Həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın bütün bəndlərinin tam icrasını da bir daha vacib edir.
Cənab Prezidentin danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi, ölkəmizin beynəlxalq hüquqa söykənmiş sülh müqaviləsinin imzalanmasına dair irəliləyiş əldə edilməsi artıq Azərbaycanın regionda real güc sahibi olduğunu deməyə əsas verir.
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı