Çavuşoğlu Fələstin və İsrailə səfər edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24-25 may tarixlərində Fələstin və İsrailə səfər edəcək.
1news.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, mayın 24-ü M.Çavuşoğlu Fələstinə səfər edəcək. Burada o Türkiyə və Fələstin Xarici İşlər Nazirlərinin Birgə Komitəsinin ikinci iclasında iştirak edəcək, daha sonra Fələstinin XİN rhəbəri Riyad əl-Maliki və ölkənin prezidenti Mahmud Abbas ilə görüşlər keçirəcək.
Bildirilir ki, mayın 25-i Türkiyənin XİN rəhbəri İsrailə yollanacaq. İsraildə M.Çavuşoğlu bu ölkənin xarici işlər naziri Yair Lapid ilə görüşəcək.
Danışıqlarda ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.
Yerli media Türkiyə XİN rəhbərinin İsrailə səfərinin son 15 ildə rəsmi səviyyədə ilk səfər olacağına diqqət çəkir.
Çavuşoğlu daha əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, İsrailə səfəri zamanı səfirlərin geri qaytarılması və iki ölkə arasında münasibətlərin tam normallaşması məsələsinin müzakirəsi planlaşdırılır.
1news.az