Vüqar Rəhimzadə: Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir
“Azərbaycan tarixi Zəfəri ilə dünyanın diqqətini ədalətin, beynəlxalq hüququn mövcud olduğu ana yönəltməklə yanaşı, kimin haqqın, ədalətin, kimin isə şərin yanında olduğunu ortaya qoydu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu.
Baxmayaraq ki, həmin vaxtdan bizi ilyarımdan artıq zaman ayırır, günlər keçdikcə tarixi Zəfərimizə gedən yolun təhlilinə, 44 günlük Vətən müharibəsində dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi ilə bərabər, dost, qardaş ölkələrin mənəvi və siyasi dəstəyinin təhlilinə böyük zərurət duyulur. Azərbaycan-Türkiyə, eyni zamanda, Azərbaycan-Pakistan dostluğu, qardaşlığı, tarixi Zəfərimizdən sonra bu birliyin parlamentlər səviyyəsində dünyaya təqdimatı olan Bakı Bəyannaməsi diqqətçəkən, geniş müzakirə olunan və nümunə göstərilən məqamlardan oldu. Qardaş Türkiyə daim Azərbaycanın yanındadır. Tarixi köklərə bağlılıq bu dostluğu, qardaşlığı daha da möhkəmləndirir, liderlərin şəxsi münasibətləri bu əməkdaşlığa yeni çalarlar əlavə edir. Vətən müharibəsinin başlandığı gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla dostluğumuzun, qardaşlığımızın nə qədər sarsılmaz olduğunu, böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezislərinin bir daha reallıqda təsdiqinin təqdimatı oldu. İki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsində də böyük öndərlərin bu fikirlərinin Türkiyə-Azərbaycan münasibətlərinin əsasında dayandığı xüsusi qeyd olunub.”
1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, xalqlarımızın və dövlətlərimizin biri-birinə necə bağlı olduğunu görmək üçün çox da uzaq olmayan tarixə, şanlı Zəfərimizin fonunda yaşanan mühüm hadisələrə və iki qardaş ölkənin birgə qeyd etdikləri təntənəli mərasimlərə diqqət yetirmək kifayətdir: “Qeyd etdiyimiz kimi, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim yeni prioritetlər istiqamətində möhkəmlənir, bütün sahələr üzrə davamlı inkişafı ilə dünyanın diqqətini cəlb edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca önəmli məqamlardır. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirir. Azərbaycan Prezidentinin bu günlərdə Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində söylədiyi fikirlər də qardaş ölkələrimiz arasında münasibətlərin dünəninə, bugününə və gələcəyinə bir baxış kimi dəyərləndirilməlidir. “Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi… İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir… Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” söyləyən dövlət başçısı, eyni zamanda, bu reallığı da diqqətə çatdırdı ki, qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunların təməlində aparılan uğurlu siyasət, Prezident Rəcəb Tayyib Ərdoğanın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir.”
“Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı inkişaf mərhələsi, müttəfiqliyi, ən əsası tarixi Zəfərin sevincini birgə yaşatmaları, eyni zamanda, qardaş ölkənin bütün sahələrdə uğurlu inkişafı Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi” fikirlərinin özündə ehtiva etdiyi bütün məqamların açıqlanmasında yardımçıdır. Reallıq budur ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıblar. İstər Vətən müharibəsinin gedişi, istərsə də postmünaqişə dövründə atılan addımlar nümunəvi xarakteri ilə diqqət çəkib. Savaşın getdiyi dövrdə Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Türkiyə bütün beynəlxalq təzyiqlərə sinə gərərək Azərbaycana qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bunlar Ermənistana və onun havadarlarına siyasi baxımdan mesaj idi: Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək”,-deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi sayəsində öz taleyi, siyasəti, münasibətləri və sair mühüm amillərlə bağlı olaraq özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir: “Dövlət başçısı İlham Əliyev Türkiyə və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirir. Postmünaqişə dövründə ordumuzun gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan inamlı addımlar bunu bir daha təsdiq edir. İki qardaş ölkənin keçirdiyi birgə təlimlər də ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasında əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı da unutmayaq ki, cənab İlham Əliyev Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması ilə Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsini tarixi hadisə adlandırmışdı. Azərbaycan dövləti bütün məsələlərdə Türkiyənin yanında olmasını atdığı hər addımında, irəli sürdüyü təşəbbüslərində, verdiyi qərarlarında təsdiqləyir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən ilk gündən dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir ki, dost, qardaş ölkələr bu prosesdə də fəal iştirak edəcək, onları yanımızda görmək istəyirik. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. O da məlumdur ki, ötən ilin oktyabrında istifadəyə verilən, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının inşası iki qardaş ölkənin mütəxəssislərinin birgə səyləri nəticəsində həyata keçirildi. Beynəlxalq standartlara tam cavab verən bu aeroportun açılışı Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə keçirildi. İki dost ölkənin müştərək investisiya layihəsi olan “Dost Aqropark”ın Zəngilanda təməlinin qoyulmasını da xüsusi qeyd etməliyik.”
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin bu səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır. İki ölkənin dostluğunu, qardaşlığını, müttəfiqliyini bundan sonra daha da möhkəmləndirəcək yeni-yeni sənədlərə imza atılacaq.
“Dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edəcək” söyləyən Vüqar Rəhimzadə bildirib ki, mayın 26-da Bakıda başlayacaq “TEKNOFEST Azərbaycan” festivalının proqramı biri-birindən maraqlı müsabiqələrlə, əyləncəli tədbirlərlə zəngindir. Mayın 29-dək davam edəcək festivalın sərgi hissəsində insan zəkasının məhsulu olan son texnoloji yeniliklər nümayiş etdiriləcək. Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Yıldızları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları təşkil olunacaq. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır, dünyaya nümunədir.
1news.az