İslamiada: Azərbaycanın qadın həndbol yığması finala yüksəlib
Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
1news.az "Report"a istinadən xəbər verir ki, Selçuklu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə rəqib Özbəkistan millisi olub.
Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb - 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib - 40:27.
İkinci hissədə Özbəkistan yığmasının həndbolçularından biri komanda yoldaşı ilə toqquşma nəticəsində üz nahiyəsindən ağır zədə alıb. Həkimlər ilkin tibbi müayinə göstərdikdən sonra onu meydandan xərəklə çıxararaq, təcili yardım maşını ilə xəstəxanaya aparıblar.
Qeyd edək ki, Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması yarımfinalda Kameruna qalib gəlib - 34:23.