“İnsan qətliamına son qoyaq” - Məzahir Əfəndiyev
“XX əsrin əvvəllərindən başlayaraq ermənilər dəfələrlə azərbaycanlılara qarşı soyqırım aktı törətmiş və tarixin müxtəlif vaxtlarında Azərbaycan ərazilərinə göz dikmişlər.
Sovetlər Birliyi dağıldıqdan sonra millətçi-separatçı ermənilər Azərbaycanın Qarabağ ərazisində yaşamaq üçün kömək adı ilə orada məskunlaşaraq və Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürərək minlərlə insanın şəhid olmasına, bir milyondan çox insanın öz doğma yurd-yuvalarından didərgin salınmasına, habelə Ermənistanın Azərbaycana müharibə elan etməsinə gətirib çıxarmışlar.
Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan dövləti dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirməklə Azərbaycan xalqını soyqırım və etnik təmizləmərə məruz qoymuşdur. O zaman müharibədə 13 min Azərbaycanlı hərbi əməliyyatlar nəticəsində qətlə yetirilmiş, on minlərlə insan şikəst qalmışdır. Bu günə qədər də həmin müharibədə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyindən xəbər olmamışdır.
2020-ci ildə Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə dözməyərək 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli dörd qətnaməni təkbaşına icra edərək Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixində başlanan 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində Ermənistan ordusunu və işğal olunmuş ərazilərdə yerləşdirilən qeyri-qanuni hərbi birləşmələri məhv edərək doğma Qarabağımızı işğaldan azad etdi. Nəticədə erməni tərəfi Azərbaycan və Rusiyaya müraciət edərək 10 noyabr tarixində ağır itkilərini və məğlubiyyəti qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bərpa və yenidənqurma işlərini görməyə başladı. Dinindən, millətindən asılı olmayaraq orada yaşayan insanları öz doğma yurdlarına qaytarmaq üçün ilk növbədə həmin ərazilərdə minadan təmizləmə işləri aparıldı.
Bu proses zamanı Azərbaycan təəssüf ki, dəfələrlə Birinci Qarabağ Müharibəsi zamanı həlak olmuş, bu gün də itkin düşmüş hesab olunan, erməni vandallığına məruz qalmış həmvətənlilərimizə aid kütləvi məzarlar aşkarlayıb.
Bu günlərdə də həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Xocavənd rayonunun işğaldan azad edilmiş Edilli kəndində məftil və kəndirlə dolu insan qalıqları, habelə işgəncə izləri olan daha bir kütləvi məzarlıq aşkar edilib. Bu, insanlıq məvhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərinin kobud formada pozulmasıdır.
İllərdir Azərbaycanın haqq səsini eşitmək istəməyən dünya ictimaiyyəti bu gün Ermənistanın müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini kobud şəkildə pozduğuna, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərdiyinə şahidlik edir.
Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmağa davam etməkdədir.
Bildiyimiz kimi, bu gün postkonflikt dövründə Avropa İttifaqı ilə Azərbaycan arasında həm iqtisadi, həm də siyasi, mədəni, humanitar sahələrdə əlaqələr dərinləşir, Aİ Azərbaycanı strateji tərəfdaş olaraq görür. Bu baxımdan Avropa İttifaqı Cənubi Qafqazda davamlı və hərtərəfli nizamlanmanın formalaşdırılmasında, o cümlədən sabitləşmə, postmünaqişə dövründə transformasiya, etimad və barışıq tədbirlərinə dəstək vasitəsilə fəal rol oynamağı öhdəsinə götürmüşdür.
Bu məcrada Avropa İttifaqı Sülh müqaviləsinin imzalanması, regionda təhlükəsizlik və əmin-amanlığın təmin edilməsi məqsədilə Azərbaycan və Ermənistan rəhbərlərini artıq bir neçə dəfə masa arxasına dəvət edib. Baş tutan Brüssel görüşlərində Prezident İlham Əliyev tərəfindən prioritet olaraq müzakirə olunan məsələlərdən biri də əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı görülən işlər, onların aqibəti haqqında məlumatın verilməsi olmuşdur.
Sülhün əldə olunması üçün keçirilən görüşlərin fonunda Ermənistan Avropa İttifaqının çağırışlarına məhəl qoymayaraq təəssüf ki, Azərbaycanı hər-hansı bir erməni hərbçisinə qarşı zorakılıq tətbiq etməkdə ittiham edir. Lakin, bütün bu ittihamlar əsassızdır, heç bir fakta söykənmir və hər şey dünya ictimaiyyətinin gözləri qarşısında baş verir.
Baxmayaraq ki, ermənilər bu günə qədər girovların qaytarılması, habelə kütləvi məzarların yerləri ilə bağlı məlumatların verilməsi istiqamətində heç bir tədbir həyata keçirməmişlər, irəli sürülən yalan ittihamların, həqiqəti əks etdirməyən məlumatların qarşısını almaq üçün Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərdə aşkar etdiyi kütləvi məzarlar haqda məlumatların dünya ictimaiyyətinə çatdırılmasını zəruri hesab etmişdir.
30-ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.
Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimizin humanizm prinsipini rəhbər tutaraq hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni hərbçilərini beynəlxalq hüququn norma və prinsiplərinə əsasən dəfələrlə qarşı tərəfə qaytarması, regionda davamlı sülhü, əmin-amanlığı qorumaq üçün əlindən gələn bütün tədbirləri həyata keçirməsi Ermənistan tərəfini arxayın salmamalıdır.
Dünya ictimaiyyəti Azərbaycanın Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olduğunu görür və inanırıq ki, mövcud ədalətsizliklər, siyasi riyakarlıq, başqa dövlətlərin ərazisində gözü olan Ermənistana qarşı tutulan güzəştli mövqeyə baxmayaraq soydaşlarımıza, həmvətənlilərimizə qarşı törədilmiş hərbi cinayətlər cəzasız qalmayacaq”.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev