Qeyri-sabit, yağıntılı hava şəraiti Bakı və Abşeronda nə zamana qədər davam edəcək? - AÇIQLAMA

Şimalda yaranan Arktik mənşəli siklonun və soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti müşahidə olunur.
Bunu 1news.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
"Mövcud sinoptik şəraitlə əlaqədar havanın temperaturu enib. Hazırda temperatur iqlim normasından 3 dərəcə aşağıdır".
G.Məmmədova qeyd edib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimal olunur.
"Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq. Bəzi bölgələrdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimal olunur".
G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti bölgələrdə dekabrın 7-si gündüzədək, Bakıda və Abşeron yarımadasında isə həftə sonunadək davam edəcək.